İsrailin nüfuzlu “The Times of Israel” qəzeti Polşada keçirilən prezident seçkilərinin qalibi Karol Navrotski ilə bağlı sərt başlıqla çıxış edib.
KONKRET.az xəbər verir ki, Nəşr onu “Holokostun revizionisti” və “tarixi yenidən yazmağa çalışan sağçı tarixçi” kimi təqdim edir.
Qəzet yazır ki, Navrotskiyə dəstək verən “Hüquq və Ədalət” (Prawo i Sprawiedliwość) partiyası uzun müddətdir ki, Polşanın İkinci Dünya Müharibəsində yalnız qurban və qəhrəman kimi göstərildiyi bir tarixi narrativin təşviqi ilə məşğuldur. Bu yanaşma, qəzetin fikrincə, Polşa ərazisində baş vermiş antisemitizm və bəzən polyakların yəhudilərin öldürülməsində iştirakı ilə bağlı araşdırmaların delegitimizasiyasına gətirib çıxarıb.
2018-ci ildə Polşada qəbul olunan mübahisəli qanun bu siyasətin bariz nümunəsidir. Həmin qanuna əsasən, Polşa dövlətini və ya xalqını nasist cinayətlərində ittiham etmək qadağan edilib. Cəza tədbirləri sonradan yumşaldılsa da, tarixçilər bu qanunun akademik tədqiqatlar üzərində “söndürücü təsir” göstərdiyini bildirirlər.
Karol Navrotski hazırda Polşanın Milli Yaddaş İnstitutuna rəhbərlik edir – bu qurum “Hüquq və Ədalət” partiyasının hakimiyyəti dövründə Holokostla bağlı milli iftixara əsaslanan versiyanı təşviq edən bir mərkəzə çevrilib. “The Times of Israel” qeyd edir ki, Navrotski bu ideoloji xətti seçki kampaniyasında əsas təbliğat xətti kimi istifadə edib.
Bu səbəbdən, İsrail mediası və bəzi beynəlxalq tarixçilər Navrotskinin prezident seçilməsi ilə Polşada Holokostla bağlı rəsmi mövqelərin daha da sərtləşəcəyindən ehtiyat edir.
Natiq Səlim,
KONKRET.az