Kəramət Böyükçöllə İlqar Məmmədov arasında qarşıdurma – Keçmiş deputat da qoşuldubackend

Kəramət Böyükçöllə İlqar Məmmədov arasında qarşıdurma - Keçmiş deputat da qoşuldu

Yazıçı Kəramət Böyükçöl və REAL Partiyasının keçmiş sədri, siyasətçi İlqar Məmmədov arasında qalmaqal yaranıb.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, proses K.Böyükçölün “Facebook” səhifəsində yazdığı 3 cümləlik statusla başlayıb.

K.Böyükçöl paylaşımında bildirib:

“O gün Elmlərdə İlqar Məmmədovla qarşılaşdım. Soruşur ki, ta məndən niyə yazmırsan? Dedim, mən ölünün dalınca danışmıram”.

İ.Məmmədov yazarın bu statusunu cavabsız qoymayıb. O, K.Böyükçölü hakimiyyətin sifarişli layihəsi adlandırıb:

“Hər yeni dövrdə, YAP hakimiyyəti Kefli İskəndər roluna yeni bir iddialını qanadlandırıb qabağa verir ki, lazım bildiyi şəxsləri onun “kefli” dili ilə təhqir elətdirə bilsin. 15 il əvvəl, qəzet oxunan vaxtlar, bu rolda “ustad” Mirzə Sakit idi. İndiyə, çoxunuz onun adını da unutmusunuz. Haqqına. Sosial şəbəkə dövründə isə bu, Kəramət Böyükçöldür. Kəramət bir dəfə məni “market yumurtası” kimi təsvir etdi. Dünən isə yazdı ki, ölmüşəm. Buna oxşar təsvirlərimi hələ həbsimdən əvvəl Mirzə Sakit də verirdi. Yeni bir şey yoxdur və təəccüblənmirəm.

Şekspirin tamaşa adlandırdığı həyatda, quruluşçu rejissor YAP olanda, Kefli İskəndər oynanılası ən asan roldur. Guya dərdi böyük, sadə oğlan kimi görünürsən.

Bu dərəcədə asan olduğuna görə, rola iddialılar da az deyil. Lakin ona yiyələnmək üçün hakim partiyanın bədii şurasından keçməlisən. Kəramət Böyükçöl özünü bu rola YAP bədii şurasından keçirdə bilib.

Özünü mədəniyyət adamı bilsə də, onunla heç vaxt ünsiyyətim olmayıb və olası da deyil. Təsviri incəsənətdə belə məşhur qaydanın tərəfdarıyam: bir şeyin əsər olduğunu anlatmaq üçün onu mütləq sərgi divarından asmaq gərəkdirsə, o, əsər deyil. Mədəniyyətin əksər sahələrinə də eyni prinsipi aid eləmək olar. YAP hakimiyyəti şəhərin gur yerində Kəraməti qoyub sərgiləyirsə, demək bu, mədəniyyətlə heç bir əlaqəsi olmayan siyasi öhdəlikli layihədir.

Heç nəyə baxmayaraq, insanlığı və söz azadlığını sevənəm. Bir gün publik siyasətə qayıtsam, seçkidə göstərəcəyiniz iradə ilə dövlət qurumlarına tapşırıq vermək səlahiyyəti qazansam belə, hin qoxan bu cür tipləri siyasi rəqiblərimə qarşı işlətməkdən ötrü ara-sıra dispanserə atmaram. Gətirəcəyim fərqi bəyənəcəksiniz”.

Bu dəfə cavab vermək növbəsi K.Böyükçölə çatıb. O, sosial şəbəkə hesabında yazıb:

“Yalandan 5 min üzvüm var deyib qürrələnməklə deyil ki… Bir yazıçı səni ictimai rəydə darmadağın edib. Hələ bir azad, ədalətli seçkidən də danışırsan. Ölkədə normal seçki olsa, başındakı 15-20 xəstə düşüncəli adamlardan başqa kimdir sənə səs verən? Azad seçki sənin nəyinə lazımdır? Əmin ol, Azərbaycan xalqı üçün sən heç kimsən. İctimai əyarı sıfıra düşmüş bir adamsan. Səni heç dinləyən yoxdur. Səsin adamın başına düşür. Sənə azad seçki yox, sənə məhz ədalətsizlik sərf edir ki, bəlkə bir mandatdan-zaddan alasan.

Mən də prezident olsam, çox istəyərəm ki, sənin kimi bir müxalifətim olsun. Müxalifətəm deyib aldatdığı adamlardan da utanmır. Götürüb status paylaşır ki, Kəramət hakimiyyət layihəsidir. Yoxsa onu qoymazlar Elmlər Akademiyasının qabağında kitab satmağa. Sən Azərbaycanı bir yazıçını küçədə kitab sata bilməyəcəyi bir ölkə kimi görmək istəyirsən, Azərbaycanın Türkmənistan olmasını arzulayırsan. Ona görə belə danışırsan, ay İlqar! Necə olur, sənin partiyana parlamentdə yer verirlər, hakimiyyət layihəsi olmursan. Amma Kəramət Akademiyanın parkında kitab satır deyə hakimiyyətin adamı olur. Özü də Erkin Qədrli dili ilə deyib e ki, mən seçilməmişəm, təyin olunmuşam.

Balaca bir avtobusum var, motoru da yoxdur. Hərə bir tərəfdən tökülüb üstümə. Gör motoru olsa, neyləyərlər”.

REAL Partiyasının keçmiş sədri bu dəfə yeni status yazaraq K.Böyükçölə cavab verib:

“Mən “öləndən bəri”, YAP-ın kefləndirdiyi İskəndər – Kəramət Böyükçöl – bir gündə ikinci yazısıdır mənə ünvanladığı. Əsəri də pozurlar. Bəyəm o, ölülərə yox, dirilərə danışmalı deyildi?

İkinci yazısında goplayır ki, ədalətli seçki olsa, guya İlqar Məmmədov qələbə qazana bilməz”

Milli Məclisin keçmiş deputatı, təhsil eksperti Etibar Əliyev də İ.Məmmədov-K.Böyükçöl qalmaqalına münasibət bildirib. O, sosial media hesabında paylaşım edərək, yazıçının müdafiəsinə qalxıb:

“İlqar Məmmədov Kəramətə hakimiyyətin layihəsi deyəndə onun Akademiyanın həndəvərində kitab satmasına “şərait yaradılmasını” nəzərdə tutur. Primitiv düşüncədir. Əslində Kəramətin avtobusu dönərxanaların, semiçka, su və siqaret satılan köşklərin arasında və azca kənarında Elmlər Akademiyası üçün oazisdir. Kəramət səhərdən axşama kimi bu motorsuz avtobusu vasitəsilə kitabı təbliğ edir. Kitabla bağlı vəziyyət o həddə gəlib çatıb ki, artıq küçə Bukinistləri fəaliyyət göstərir. Yazıçı Kəramət isə balaca avtobusu ilə kitabı yağışdan və küləkdən qoruyur. Hakimiyyət Kəramətə motorlu avtobus versəydi, inanın ki, o, Azərbaycanın rayonları və kəndlərində də kitabı təbliğ edərdi. Böyük məmnuniyyətlə mən də ona qoşulardım. İlqar Məmmədovun Kəramətin bu nəcib işinə qara yaxması kitaba olan münasibətidir. Bu perspektivsiz siyasətçi ilin-günün bu vaxtında hələ anlamır ki, kitabdan böyük gəlir əldə etmək mümkün deyil, çünki qiymətlər kitabın arxasında yazılır.

O, ki qaldı ölülər məsləsinə; görəsən Kəramətin motorsuz avtobusunda  “Qəbiristanlığın sosiologiyası” kitabı varmı?”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*