Şimali Koreya lideri Kim Çen In ölkədə dünyanın ən güclü silahlı qüvvələrinin yaradılmasını qarşıya qoyulan əsas vəzifələrdən biri adlandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Kim Çen Inın sözlərinə görə, Koreya Əmək Partiyasının Mərkəzi Komitəsi yeni plan dövründə dünyanın ən güclü ordusunun yaradılmasını prioritet vəzifələrdən biri kimi müəyyənləşdirib.
O bildirib ki, Koreya Əmək Partiyasının IX qurultayından sonra bütün ordu miqyasında keçirilən ilk tədbirin bölük komandirlərinin müşavirəsi olması da məhz bu məqsədlə bağlıdır.
Şimali Koreya lideri bölüklərin Koreya Xalq Ordusunun möhkəmləndirilməsində əsas həlqə olduğunu vurğulayıb. Onun fikrincə, bölüklərin döyüş qabiliyyətinin artırılması ölkənin silahlı qüvvələrinin qısa müddətdə keyfiyyətcə yenilənməsinə imkan verəcək.
Kim Çen In bütün bölüklərin müxtəlif döyüş tapşırıqlarını müstəqil şəkildə yerinə yetirə bilən elit hərbi birləşmələrə çevrilməsini tapşırıb.
“Ən güclü bölüklər hazırlamaqla ən güclü ordunu yaratmaq və öz modelimizə uyğun hərbi inqilabı sürətləndirmək” — deyə Şimali Koreya lideri müşavirənin əsas prinsipini ifadə edib.
O, həmçinin döyüş hazırlığının təkmilləşdirilməsinin, hərbi intizamın gücləndirilməsinin və komandirlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinin vacibliyini qeyd edib.
Günay Əli
KONKRET.az
