Azərbaycanda onkoloji xəstəliklərin diaqnostikası və müalicəsinin dövlət hesabına həyata keçirilməsi məsələsi gündəmdədir. İcbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi ilə xərçəng xəstələrinin müayinə, biopsiya, cərrahi əməliyyat, kimyaterapiya və şüa terapiyası xidmətlərindən ödənişsiz yararlanması imkanlarının artırılması nəzərdə tutulur.
Bəs hazırda hansı xidmətlər icbari tibbi sığorta hesabına qarşılanır və onkoloji xəstələrin müalicəsi ilə bağlı hansı dəyişikliklər gözlənilir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, icbari tibbi sığorta sisteminin tətbiqinin ilkin mərhələsində onkoloji xəstəliklərlə bağlı bir sıra xidmətlər sığorta təminatına daxil edilməmişdi.

Onun sözlərinə görə, hazırda erkən diaqnostika üçün vacib olan bəzi müayinə üsulları icbari tibbi sığortanın əhatə dairəsinə daxildir.
“Ultrasəs müayinəsi, endoskopik müayinələr, kolonoskopiya, maqnit-rezonans tomoqrafiya (MRT) və biopsiya kimi xidmətlər müvafiq şərtlər daxilində icbari tibbi sığorta hesabına həyata keçirilə bilər.
Onkoloji xəstəliklərin müalicəsində əsas mərhələlərdən olan cərrahi əməliyyatların, kimyaterapiyanın və şüa terapiyasının da sığorta təminatına daxil edilməsi mühüm əhəmiyyət daşıyır. Bu xidmətlərin əhatə dairəsinin mərhələli şəkildə genişləndirilməsi gözlənilir”.
Həkim bunun səbəblərindən biri kimi onkoloji xəstəliklərin müalicəsinin yüksək maliyyə tələb etməsini göstərib.
“Xəstəliyin müalicəsi zamanı yaranan xərclər xəstələr və onların ailələri üçün ciddi çətinliklər yaradır. Buna görə də sığorta təminatının genişləndirilməsi onkoloji xəstələrin tibbi xidmətlərə əlçatanlığını artırmaq baxımından vacibdir”.
Müsahib uşaqların onkoloji xəstəliklərinin müalicəsinin sığorta təminatına daxil edilməsini də xüsusi əhəmiyyət daşıyan məsələ kimi qiymətləndirib. Onun sözlərinə görə, uşaqların bu sistemə daxil edilməsi ilə bağlı 2027-ci il nəzərdə tutulur, digər onkoloji xəstələrin də mərhələli şəkildə əhatə olunacağı gözlənilir.
Fərid Museyibov əlavə edib ki, TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi də səhiyyə sistemində koordinasiyanın gücləndirilməsinə və onkoloji xəstələrə göstərilən xidmətlərin sığorta çərçivəsində genişləndirilməsi prosesinin sürətlənməsinə töhfə verə bilər.
Beləliklə, onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi üzrə icbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi xəstələrin üzərinə düşən maliyyə yükünün azaldılması baxımından mühüm addım hesab olunur. Bununla belə, konkret xidmətlərin hansı tarixdən və hansı şərtlərlə ödənişsiz göstəriləcəyi ilə bağlı rəsmi məlumatları nəzərə almaq vacibdir.
Aynurə İsmayıl
KONKRET.az
