İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydalarına dəyişikliklər edilib.
Dəyişikliklər 1 oktyabr 2026-cı il tarixindən qüvvəyə minib. Yeniliklərin məqsədi kirayə mənzil mexanizmini daha əlçatan etmək, daha çox vətəndaşın bu imkandan yararlanmasını təmin etmək və mümkün sui-istifadə hallarının qarşısını almaqdır.
Fondun məlumatına görə, 2020–2026-cı illərdə Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda 17 müxtəlif ünvanda yerləşən yaşayış komplekslərindən tam təmirli mənzillər vətəndaşlara təqdim edilib. İndiyədək 10 mindən artıq kirayə müqaviləsi rəsmiləşdirilib.
Yeni qaydalara əsasən, satmaq öhdəliyi ilə kirayə mənzil əldə etmiş şəxslər müqavilə bağlandıqdan 3 il keçdikdən sonra öhdəliklərini başqa şəxsə ötürə biləcəklər. Öhdəliyini ötürən şəxslər isə həmin tarixdən 5 il sonra mexanizmdən yenidən yararlana biləcəklər.
Digər dəyişikliyə əsasən, müraciət zamanı İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş aktiv ipoteka krediti olmayan borcalanlar da satmaq öhdəliyi ilə kirayə mexanizmindən istifadə edə biləcəklər.
Bundan başqa, müraciət edən şəxslərin kredit tarixçəsinin qiymətləndirilməsi ilə bağlı şərtlər yenilənib. Belə ki, yalnız kredit tarixçəsi “müsbət” və ya “qənaətbəxş” qiymətləndirilən şəxslər kirayə mənzil mexanizmindən yararlana biləcəklər.
Qaydalardakı dəyişikliklərlə bağlı əlavə məlumat almaq istəyən vətəndaşlar Fondun 1549 Çağrı Mərkəzinə müraciət edə bilərlər.
