Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində aparılan ictimai rəy sorğusu Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının seçicilər arasında inamlı liderliyini göstərir.
KONKRET.az xəbər verir ki, bu barədə Euronews məlumat yayıb.
Breavis şirkəti tərəfindən 5–11 may tarixlərində 1 551 respondent arasında keçirilən sorğuya əsasən, seçicilərin təxminən 65 faizi Paşinyanın partiyasına səs verməyə hazır olduğunu bildirib. Bu nəticə hakim siyasi qüvvənin gələcək parlamentdə çoxluğu qoruyub saxlamasına imkan yarada bilər.
Sorğunun nəticələrinə görə, müxalifət qüvvələri parçalanmış vəziyyətdədir və onların heç biri 12 faizlik həddi aşa bilmir. Araşdırmada bəzi müxalif qüvvələrin Rusiyanın açıq dəstəyini aldığı da qeyd olunur.
Euronews-un materialında bildirilir ki, seçki nəticələri sorğunun proqnozlarını təsdiqləyərsə, bu, Ermənistanın Qərbə və Avropaya inteqrasiya kursunun davamı kimi qiymətləndiriləcək.
Nəşr hesab edir ki, belə nəticə İrəvanın xarici siyasətində Moskvanın təsirindən uzaqlaşma tendensiyasını gücləndirə bilər.
Sorğuda həmçinin Ermənistanın xarici siyasət kursunda dəyişikliklərin və Qərbə yönəlik orientasiyanın güclənməsinin müşahidə olunduğu vurğulanır.
Qeyd edək ki, xəbərdə ötən il ABŞ-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanmış Azərbaycan–Ermənistan sülh razılaşmasının regionda sabitlik və əməkdaşlıq baxımından əhəmiyyəti də qeyd olunur.
Müşviq Tofiqoğlu
KONKRET.az
