Adətən vətəndaşlar mənzil alarkən seçim qarşısında qalırlar: köhnə tikili, yoxsa yeni bina? Bəziləri köhnə tikililərin daha möhkəm və qiymət baxımından münasib olduğunu, yeni binalarda isə əlavə xərclərin çoxluğunu qeyd edirlər. Digərləri isə əksinə, yeni tikililərin müasir və rahat olduğunu, uzunmüddətli perspektivdə daha sərfəli gəldiyini bildirirlər.
Bəs əslində hansı mənzili almaq daha sərfəlidir?
Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov KONKRET.az-a açıqlamasında bildirib ki, hər iki növ tikilinin öz üstünlükləri var.
Ekspert qeyd edib ki, yeni tikililər müasir standartlara cavab verir, mühafizə, xidmət sahələri və müxtəlif servislərlə təmin olunur.
“Mənzilin daxilində istənilən planlaşdırmanı etmək mümkündür. Bu səbəbdən imkanlı insanlar adətən köhnə mənzillərini satıb yeni tikililərə köçürlər. Son 15 ildə yeni tikililərə maraq daha çoxdur.
Köhnə tikililər isə istismar baxımından sərfəli sayılır. Bu binalarda sahə nisbətən kiçik olur, əlavə idarəetmə xərcləri yoxdur və yalnız dövlətin təyin etdiyi rüsumlar ödənilir. Bəzi köhnə binalarda dövlət istilik təchizatı mövcuddur. Həmçinin, köhnə yaşayış binalarının həyətləri adətən daha geniş olur”.
Elnur Azadov hesab edir ki, seçim fərdi ehtiyaclardan və alıcının imkanlarından asılıdır.
Aynurə İsmayıl
KONKRET.az