“Allaha şükür, borcumu yerinə yetirdim!”.
Horasio Nelson
1805-ci il oktyabrın 21-də Trafalqar burnunun yaxınlığında Napoleon ordusu ilə fransızlara qarşı koalisiya arasındakı müharibə çərçivəsində ingilis və fransız-ispan donanmalarının böyük döyüşü baş verdi. Vitse-admiral H. Nelsonun komandanlıq etdiyi ingilis eskadrası 27 gəmidən ibarət idi. Fransız admiralı Vilnövün başçılıq etdiyi fransız-ispan eskadrasında 33 gəmi vardı.
İngilislərin itkisi 455 ölü və 1242 yaralı oldu. Fransız-ispan donanması 18 gəmi və təxminən 15 min nəfəri itirdi (ölən, yaralanan və əsir düşənlər). İngilislər isə “bir gəmi də itirmədi”.
Döyüşün nəticəsini böyük ölçüdə Nelsonun hərbi istedadı həll etdi (deyirlər, o, döyüş zamanı komandir körpüsündə bayram mundirində görünürdü). Bundan əlavə, ingilislər Volterin məşhur sözünü təsdiqlədilər: “Allah böyük batalyonların yox, dəqiq atanların tərəfindədir”. İngilis artilleriyaçıları təkcə dəqiq yox, həm də üç dəfə sürətli atırdılar. Üstəlik, inqilabdan sonra Fransa donanmasında peşəkar dənizçi demək olar ki, qalmamışdı.
Qələbənin göz yaşları
İngiltərənin sevinci göz yaşları ilə qarışıq idi: döyüşdə donanmanın komandanı Horasio Nelson ölümcül yaralandı. Ölməzdən əvvəl zabitlərdən biri ona qələbə haqqında məlumat verdi: “Milord, bu gün sizindir”.
Maraqlıdır ki, döyüşdə hər üç donanma komandanı itirildi. Nelson güllədən öldü, ispan admiralı yaralardan dünyasını dəyişdi, fransız admiralı isə əsir düşdü. Deyilənə görə, o, Nelsonun təntənəli dəfn mərasimində iştirak etdi, sonra Fransaya qaytarıldı. Orada Napoleon qarşısında özünü aqlamağa çalışdı, lakin imperator onu qəbul etmədi və nəticədə o, intihar etdi.
Çəlləkdəki bədən
Nelsonun cəsədi vətənə konyak (bəzi mənbələrə görə, rom) dolu çəlləkdə çatdırıldı. Buradan əfsanə yarandı ki, guya dənizçilər rəislərdən gizli saman çöpləri ilə çəlləkdən içirdilər. Bu, çətin ki, doğru olsun, çünki meyiti gecə-gündüz qoruyurdular. Sonralar isə fərasətli bir tacir “Nelsonun qanı” adlı rom istehsal etməyə başladı.
Nelsonu öldürən güllənin həkim çıxarıb uzun müddət saxladı, 1842-ci ildə isə Kraliça Viktoriyaya hədiyyə etdi. Dəfn mərasimində tabutun üzərinə örtülən bayrağı dənizçilər kiçik parçalara yırtıb sevimli komandirin xatirəsi kimi özlərinə götürdülər.
İngilis donanma zabitlərində alqışlayarkən adət üzrə iki ovucla əl çalmamaq, sol yumruqla masaya vurmaq ənənəsi var. Bu, tək qollu admiralın xatirəsinədir. Britaniya dənizçiləri isə bu günə qədər boyunlarına qara qalstuk taxırlar. Bu, Nelsona yasdır.
Nelsonun “Viktori” gəmisi Portsmutda daimi lövbər salıb və muzeyə çevrilib. Onun ölümündən dərhal sonra isə şərəfinə iki xətti gəmi qoyuldu: “Trafalqar” və “Nelson”.
Məşhur siqnal
Trafalqar döyüşü ilə bağlı daha bir rəvayət var. Ona görə, döyüşdən əvvəl Nelson flaqmanda “İngiltərə hər kəsin öz borcunu yerinə yetirəcəyinə ümid edir” bayraq siqnalını qaldırıb. Bu ifadə Britaniyada qanadlı sözə çevrilib.
Admiral Nelson böyük donanma sərkərdəsi və Britaniya tarixinin ən sevimli qəhrəmanı idi. Qazandığı dəniz döyüşlərindən əlavə:
– 14 yaşında Arktika ekspedisiyasında ağ ayını muşketlə döyməyə çalışmışdı;
– gənclikdə çox zəhərli ilan sancmasından az qala ölürdü, lakin hindular onu xilas etmişdi;
– ən yaxın dostu kapitan Benjamin Hellouell ona düşmən flaqmanının dor ağacından tabut hədiyyə etmişdi;
– rus imperatoru I Pavel ona brilyantlarla bəzədilmiş portret göndərmişdi;
– keçmiş fahişə Emma Hamiltona aşiq olmuşdu və məhz onun təsiri ilə Neapol krallığında monarxiya bərpa olunandan sonra zabit sözünü pozaraq yakobinçiləri divan tutmağa təhvil vermişdi. Nəticədə, deyilənə görə, qırx minə qədər insan həlak oldu…
Doğrudan da, gözəl, qısa, əsl həyat…
Deyilənə görə, ümumi çılğınlıq dövründə Londondakı Nelson abidəsini sökmək təklifi də səslənib, çünki o, guya zinakar olub. Üstəlik, daha bir sıra ittihamlar… Hələlik abidə yerində durur. Hələlik…
Natiq Səlim,
KONKRET.az
