Yevlaxda 1 yaşlı oğlunun ehtiyatsızlıqdan ölümünə səbəb olmaqda təqsirləndirilən İlhamə Müdirin cinayət işinin bəzi detalları məlum olub.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama əsasən, hadisə 2025-ci ildə təqsirləndirilən şəxsin qardaşının ailə üzvləri ilə birlikdə yaşadığı evdə baş verib.
Belə ki, İlhamə Müdir həmin vaxt azyaşlı oğlu Məhəmmədlə yataq otağında olarkən uşağın mütəmadi ağlamasına əsəbiləşib. O, özünü müdafiə etmək imkanında olmayan körpənin bədəninin müxtəlif nahiyələrinə əli ilə zərbələr endirib.
Nəticədə uşağın alnında, göz ətrafında, yanaqlarında, burnunda, boynunda, qulağında, döş qəfəsində, qollarında, əllərində, qasıqüstü nahiyəsində, budunda və baldırında müxtəlif xəsarətlər yaranıb. Onun sağ dirsək oynağı nahiyəsində də qançır aşkarlanıb.
İttihamda qeyd olunub ki, uşağın ağlamağa davam etməsi ananın daha da aqressivləşməsinə səbəb olub. Qadın körpəni qucağına götürərək hündürlüyə qaldırıb və evin taxta döşəməsinə çırpıb.
Nəticədə uşağın baş nahiyəsində ağır xəsarətlər, baş beynin əzilməsi, beyin toxumasına və qişalarının altına qansızma ilə müşayiət olunan iri ölçülü dərialtı hematoma yaranıb. Həmçinin sağ birinci qabırğanın yerdəyişmiş sınığı ilə müşayiət olunan sağ qoltuqaltı və körpücükaltı nahiyələrdə iri ölçülü hematomalar, eləcə də bədənin müxtəlif nahiyələrində çoxsaylı sıyrıqlar müəyyən edilib.
Həmin xəsarətlər Məhəmmədin həyatı üçün təhlükəli olub və onun ölümü ilə birbaşa səbəbli əlaqə təşkil edib.
İlhamə Müdir uşağın vəziyyətinin ağırlaşdığını gördükdən sonra onu qucağına götürərək evdən çıxıb. Həmin vaxt qardaşının həyat yoldaşı ilə qarşılaşıb və ondan uşağı xəstəxanaya aparmağa kömək etməsini istəyib.
Bundan sonra körpə taksi ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu nəzərə alaraq müalicəsinin davam etdirilməsi üçün başqa tibb müəssisəsinə göndərilməsinə qərar veriblər.
Lakin aldığı ağır xəsarətlər nəticəsində Məhəmməd Müdir stasionar müalicə aldığı xəstəxanada vəfat edib.
İbtidai istintaq orqanı ananın hərəkətlərini özünün aşkar surətdə köməksiz vəziyyətdə olan azyaşlı övladına qarşı xüsusi amansızlıqla, ağır iztirablar verməklə qəsdən sağlamlığa ağır zərər vurması və ehtiyatsızlıqdan ölümə səbəb olması kimi qiymətləndirib.
Məhkəmə iclasında ifadə verən İlhamə Müdir özünü təqsirli bildiyini desə də, hadisənin başvermə şəraiti ilə bağlı məhkəmədəki ifadəsində fərqli mövqe ortaya qoyub.
O, hadisə zamanı əsəbi olduğunu, Məhəmmədin qucağından yerə düşdüyünü və daha sonra xəstəxanaya aparıldığını deyib. Təqsirləndirilən şəxsin sözlərinə görə, körpə beş gün xəstəxanada qaldıqdan sonra vəfat edib.
İlhamə Müdir uşağın yerə çırpılmadığını, qucağından düşdüyünü iddia edib. Bununla yanaşı, uşağın ağlamasına əsəbiləşdiyini və hadisədən əvvəl onun üzünə vurduğunu, dırnaqları ilə cırmaqladığını etiraf edib.
O, altı uşağının olduğunu, övladlarına nənələrinin baxdığını və müxtəlif şəxslərlə ailə münasibətlərinin olduğunu söyləyib. Təqsirləndirilən şəxs həbsdə olduğu müddətdə dünyaya gələn uşağının dövlət himayəsinə verildiyini də bildirib.
İlhamə Müdir törətdiyi əməldən peşman olduğunu ifadə edib.
Məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadə arasında ziddiyyətlər yarandığından onun əvvəlki ifadəsi iclasda elan olunaraq tədqiq edilib.
İbtidai istintaq zamanı İlhamə Müdir təxminən üç il əvvəl Elçin adlı şəxslə rəsmi nikaha daxil olmadan ailə qurduğunu və 2024-cü ildə onların Məhəmməd adlı oğlunun dünyaya gəldiyini qeyd edib. Sonradan münasibətlərinin pisləşdiyini və Elçinin ailədən ayrıldığını vurğulayıb.
Maddi vəziyyətinin çətin olması səbəbindən 2025-ci ildə azyaşlı oğlu ilə birlikdə qardaşının həyat yoldaşının yaşadığı evə köçdüyünü söyləyib.
İfadəsinə əsasən, hadisə günü saat 13 radələrində evdə onunla körpəsindən başqa heç kim olmayıb. Qardaşının həyat yoldaşı yas mərasimində, uşaqlar isə çöldə olublar.
İlhamə Müdir bildirib ki, oğlu ağlamağa başlayıb və bu, onu əsəbiləşdirib. O, əlləri və dırnaqları ilə körpənin üzünü cıraraq xəsarətlər yetirib. Uşaq ağlamağa davam etdikdə isə onu qucağına götürüb hündürlüyə qaldıraraq taxta döşəməyə vurub.
Təqsirləndirilən şəxsin əvvəlki ifadəsinə görə, körpə başı üstə yerə düşüb. O, uşağa yaxınlaşdıqda onun özündə olmadığını görüb və dərhal kömək istəməyə çalışıb.
İlhamə Müdir uşağı öldürmək niyyətinin olmadığını, məqsədinin Məhəmmədi ağlamaqdan çəkindirmək və cəzalandırmaq olduğunu bildirib.
İbtidai istintaq zamanı verdiyi ifadəsində İlhamə Müdir hadisədən təxminən 15 gün əvvəl Gəncə şəhərində, “Çayqırağı” adlanan ərazidə yaşadıqları evdə də oğlunun ağlamasına əsəbiləşdiyini və ona əli ilə xəsarətlər yetirdiyini vurğulayıb.
O, məhkəmə-tibbi ekspertizasının rəyində uşağın bədənində göstərilən bir sıra sıyrıqların həmin vaxt yaranmış ola biləcəyini ehtimal edib.
Təqsirləndirilən şəxs oğlu Məhəmmədi sevdiyini, lakin uşağın ağlamasının onu əsəbiləşdirdiyini və müxtəlif vaxtlarda ona iki dəfə xəsarətlər yetirdiyini etiraf edib.
Qadın həmçinin əvvəlki ailə münasibətlərindən olan uşaqlarının bir qismini doğulduqdan sonra onların atalarının qohumlarına saxlanılması üçün verdiyini və hazırda övladlarının harada olduqları barədə dəqiq məlumatının olmadığını bildirib.
İlhamə Müdir ibtidai istintaq zamanı Yevlax Rayon Polis Şöbəsində və Rayon prokurorluğunda ona qarşı hər hansı psixi və ya fiziki təzyiq göstərilmədiyini də qeyd edib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlhamə Müdir 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
