Krakovda Türk-Şərq mirasına işıq tutuldubackend

Krakovda Türk-Şərq mirasına işıq tutuldu

Türk Akademiyası rəhbəri Polşada Sədiq bəy Ağabəyzadəyə həsr olunmuş beynəlxalq tədbirdə iştirak edib.

KONKRET.az xəbər verir ki, Polşanın Krakov şəhərində tanınmış türkşünas alim Sədiq bəy Ağabəyzadənin anadan olmasının 160 illiyinə həsr olunmuş beynəlxalq elmi tədbir və sərgi keçirilib.

Tədbirdə Polşa, Azərbaycan, Türkiyə və digər ölkələrdən diplomatik nümayəndəliklərin təmsilçiləri, türkoloqlar və şərqşünas alimlər iştirak ediblər.

Türk Akademiyasının prezidenti professor Şahin Mustafayev tədbirdə çıxış edərək Sədiq bəy Ağabəyzadəni XIX əsrin sonu – XX əsrin əvvəllərində yaşamış Azərbaycanlı-Türk ziyalılar nəslinin görkəmli nümayəndəsi kimi təqdim edib. O, həmin nəslin cəmiyyətin modernləşməsində, şərqşünaslıq elminin inkişafında və maarifçilik hərəkatında mühüm rol oynadığını qeyd edib. Mustafayev, Ağabəyzadənin elmi və mədəni irsinin Türk və Avropa elmi mühiti arasında qarşılıqlı əlaqələrin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Türk Akademiyasının seçkin şəxsiyyətlərin irsinin tədqiqi və tanıdılması istiqamətində layihələr həyata keçirdiyini deyən Mustafayev, onların əsərlərinin yenidən nəşri və dünya elminə töhfələrinin akademik müstəvidə qiymətləndirilməsinə önəm verildiyini bildirib.

Bu çərçivədə, Akademiya rəhbəri, Sədiq bəy Ağabəyzadənin yenidən nəşr olunmuş “Türkmən Ağzı Dərs Kitabı və Hazarötesi Türkmənlərinin Atalar Sözü və Deyimlər Toplusu” adlı əsərini Yagellon Universitetinin Şərqşünaslıq İnstitutu Kitabxanasına hədiyyə edib. Əsər ilk dəfə 1904-cü ildə Aşqabadda nəşr olunub və müəllifin 160 illik yubileyi münasibətilə Türk Akademiyası tərəfindən yenidən çap edilib. Bu kitab, türkmən dilinin qrammatikasına dair aparılmış ilk sistemli tədqiqat hesab edilir və türk dilçilik ənənəsinin dəyərli mənbələrindən biri sayılır. Akademiya tərəfindən hazırlanan digər nəşrlər də eyni kitabxanaya təqdim olunub.

Seminarlarda Sədiq bəy Ağabəyzadənin şərqşünaslığa töhfələri, Azərbaycanın elmi və mədəni həyatındakı rolu və mühacirət dövründəki fəaliyyəti geniş müzakirə olunub.

Qeyd edək ki, Sədiq bəy Ağabəyzadə Azərbaycan Xalq Cümhuriyyətində general rütbəsinə sahib daxili işlər nazirinin müavini olub. Ömrünün mühüm hissəsini Polşada keçirən alim burada universitetdə şərq dilləri üzrə dərslər deyib və bir çox tanınmış polyak türkoloqu onun tələbəsi olub. O, 1944-cü ildə Lvov şəhərində vəfat edib.

Tədbir “Sədiq bəy (1865–1944). İki Xalqa Xidmət” adlı sərginin açılışı ilə başa çatıb. Sərgidə alimin həyatı və elmi irsi zəngin arxiv sənədləri ilə təqdim olunub.


KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*