Azərbaycanda fəaliyyət göstərən əksər banklar istehlak və nağd kredit məhsulları üzrə müraciət edən müştərilərdən ən azı 6 ay iş stajı tələb edir. Bu tələbin arxasında duran əsas səbəblər risklərin azaldılması və kreditin geri qaytarılma ehtimalının qiymətləndirilməsidir. Bəs, banklardan kredit götürmək üçün niyə 6 ay iş stajı istəyirlər?
Mövzu ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov KONKRET.az-a açıqlamasında bildirib ki, banklar 6 aylıq staj tələbinə ona görə önəm verir ki, kredit alan şəxsin iş yerinin sabit olub-olmadığını müəyyən etsin:
Əkrəm Həsənov
“Çünki kredit verən zaman əsas risk onun geri qaytarılmamasıdır. Kreditin geri ödənilməsinin əsas mənbəyi isə şəxsin stabil gəliridir. Adətən bu, maaş olur. Tutaq ki, vətəndaş bir aydır haradasa işləyir. Belə bir şəxsə kredit verilməsi nə dərəcədə düzgündür? Təcrübədə elə hallar var ki, banklar bu tələbləri tətbiq etməyəndə sui-istifadə halları yaşanır. Məsələn, vətəndaş yalnız kredit götürmək məqsədilə saxta şəkildə işə düzəlir. Həmin müəssisədən maaş almadan sadəcə bir arayış alır və bununla banka müraciət edir”.
Ekspertin sözlərinə görə, bu, o demək deyil ki, banklar həmişə qaydalara əməl edir:
“Məsələn, Premium Bank adlı bankdan bir vətəndaşa 2 milyon 500 min manat məbləğində kredit verilib. Halbuki, bu şəxsin heç bir rəsmi gəliri olmayıb. Üstəlik, məlum olub ki, bu kredit müqabilində başqa bir şəxsin adına olan əmlak saxta sənədlərlə girov qoyulub. Həmin şəxs isə bu barədə ümumiyyətlə məlumatlı olmayıb.
Bu, açıq şəkildə göstərir ki, vətəndaşla bank arasında əlbirlik olub və nəticədə böyük bir əmlak qanunsuz girov qoyulub. Məhkəmədə bu məsələ qaldırıldıqda iddia edilib ki, belə kreditin verilməsinin özü qanunsuzdur. Çünki heç bir gəliri olmayan şəxsə bu qədər böyük məbləğdə vəsaitin ayrılması ciddi şübhələr doğurur”.Ə.Həsənov vurğulayıb ki, məhkəmə bu arqumentləri qəbul etmir və sadəcə olaraq bankın kredit verdiyini əsas gətirir”.
Aynurə İsmayıl
KONKRET.az