İşğaldan azad edilən Laçın rayonunda dəfn mərasiminə icazə verilib, Belə ki Laçınlılar vəfat edən yaxınlarını öz yurdlarında dəfn edə biləcəklər. Bəs görəsən, başqa rayonlarda da bu addımın atılması gözlənilirmi? Ümumiyyətlə, bu addım ziyalılar tərəfindən necə dəyərləndirilir?
Mövzunu KONKRET.az-a millət vəkili Hikmət Babaoğlu şərh edib:
“Böyük Qayıdış” hər gün daha geniş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərə vətəndaşlarımız köçür və öz yurd-yuvalarına qovuşurlar. Bununla yanaşı xalqımızın adət-ənənəsi, mənəviyyatı, dini dəyərləri öz torpaqlarımıza yenidən qayıdır. Bu baxımdan Azərbaycan xalqı üçün mənəvi dəyər kəsb edən qəbiristanlıqlar, əcdadlarımızın dəfn olunduğu ərazilər Vətənə çevrilir. Ona görə də, artıq işğaldan azad edilən ərazilərdə, xüsusən də Laçında dəfn mərasimlərinin baş tutması, yaxud buna icazə verilməsi zəruri addımın bərpasıdır. Çünki biz uzun illərdir öz sinəsini sipərə çevirib o torpaqları bizə vətən edən, burada yaşayan, mədəniyyət yaradan və Haqq dərgahına qovuşan insanlarımızın məzarlarını ziyarət edə bilmirdik. Amma biz orada yaşamaqla həm onların məzarını ziyarət edə biləcəyik, həm də həyatdan köçənlər öz əcdadlarının yanında dəfn olunacaq. Odur ki, işğaldan azad edilən bütün ərazilərimizdə bu ənənə bərpa ediləcək”.
Millət vəkili Fazil Mustafa isə saytımıza açıqlamasında bildirib ki, belə məsələləri tələsdirmək olmaz:
“Yerli strukturlar tam qurulandan, qəbiristanlıqlar bərpa ediləndən sonra tam icazə veriləcək. Çünki bu, insanların haqqıdır və onu pozmaq olmaz. Ancaq tələsik nəticələr çıxarmaq doğru deyil. Onsuz da dövlət məsələyə prioritet kimi yanaşır. Prezidentin də bu bölgədə gedən proseslərə olduqca həssas münasibəti var. Bu baxımdan insanları narahat edən hansısa addımlar düşünülməməlidir. Laçının ardınca digər bölgələrdə də bu şərait yaradılacaq”.
Müşviq Tofiqoğlu
KONKRET.az