Bu əhvalatı ilk dəfə Leonid Vidqofun ekskursiyası zamanı eşitmişəm. Sonra isə Bulqakovun felyetonlar toplusunda oxumuşam. Daha doğrusu, dinləmişəm. İndi həmin hadisəni Mixail Bulqakovun felyetonları üslubunda danışmaq istəyirəm.
Vətəndaşlar! Diqqət! Söhbət 1921–1922-ci illərdə, sovet reallığının lap mərkəzində baş vermiş, az qala mistik xarakter daşıyan qeyri-adi bir hadisədən gedir. Elə bir hadisədən ki, sanki onu Volandın özü qələmə almalı idi!
Moskvada Mixail Afanasyeviç Bulqakov adlı gənc, hələ tanınmamış bir yazıçı yaşayırdı. Kiyevdən gəlmişdi, maddi sıxıntı içində idi, soyuqdan üşüyür, aclıq çəkir və təbii ki, Moskvada qeydiyyata düşməyə çalışırdı.
Ona Bolşaya Sadovaya küçəsi, 10 ünvanındakı məşhur, sonralar “lənətlənmiş mənzil” kimi tanınacaq 50 nömrəli mənzildə bir otağı bacısı Nadejdanın əri Andrey Zemskinin hesabına vermişdilər.
Otağın özü bərbad vəziyyətdə idi, qonşuluq isə ondan da betər. Sərxoşlar, davalar, mətbəxdə saxlanılan ev heyvanları, vaxtilə Ali Qadın Kurslarının yataqxanası olmuş binanın uzun dəhlizləri…
Üstəlik, ev idarəsinin sərxoşluqdan başını itirmiş nümayəndələri Zemskini qeydiyyatdan çıxarmaq, Bulqakovu isə həyat yoldaşı Tatyana Lappa ilə birlikdə evdən qovmaqla hədələyirdilər.
Gənc ailənin pulu yox idi. Qeydiyyatsız qalmaq isə, demək olar ki, hər şeyin sonu demək idi. Onları evdən çıxarsaydılar, Moskvanın qapıları üzlərinə bağlanacaqdı. Yazıçılıq taleyi də sual altına düşəcəkdi.
Bəs nə etməli?
Həmin vaxt Bulqakov Baş Siyasi Maarif İdarəsinin Ədəbiyyat şöbəsində çalışırdı. Şöbəyə isə Xalq Komissarları Sovetinin sədri Vladimir Leninin həyat yoldaşı Nadejda Konstantinovna Krupskaya rəhbərlik edirdi.
Çarəsizlik insanı bəzən ağlına belə gətirmədiyi addımlar atmağa vadar edir.
Mixail Afanasyeviç qoyun dərisindən tikilmiş kürkünü geyindi, papağını bir az əyri qoydu və Krupskayanın qəbuluna yollandı. Əlində isə bir ərizə vardı. Ərizə şəxsən Leninə ünvanlanmışdı və orada Bulqakovun “birgə yaşayışa” icazə verilməsi xahiş olunurdu.
Krupskaya köhnəlmiş xəz gödəkçədə masasının arxasından qalxdı, ərizəçiyə baxdı və soruşdu:
— Siz nə istəyirsiniz?
— Mənim dünyada bir istəyim var: birgə yaşamağa icazə verilməsi. Məni evdən qovmaq istəyirlər…
Krupskaya ərizəni oxudu, başını buladı:
— Yox, belə bir məsələ ilə Xalq Komissarları Sovetinin sədrinə müraciət etmək olar?
Sonra kağızı götürdü və kənarına qırmızı mürəkkəblə yazdı: “Birgə yaşayış üçün order verilməsini xahiş edirəm”. Və imza atdı: “Ulyanova”.
Bununla da məsələ həll olundu. Order verildi. Bulqakovla həyat yoldaşı qeydiyyata düşdülər. Zemskini isə qeydiyyatdan çıxardılar. Mixail Afanasyeviç həmin vaxtdan “uğursuz mənzilin” daimi sakini oldu.
Elə həmin mənzildə “Ağ qvardiya”, “Diaboliada”, “Taleyüklü yumurtalar” əsərlərini və çoxsaylı felyetonlarını yazdı. Sonralar isə bu mənzil “Usta və Marqarita” romanındakı məşhur “uğursuz mənzil” obrazının yaranması ilə də assosiasiya olundu.
Beləliklə, Krupskaya özü də bilmədən rus ədəbiyyatının böyük yazıçılarından birinə yardım etmiş oldu. Amma əhvalatın ən maraqlı məqamı hələ qabaqdadır.
Bulqakov sonralar etiraf edirdi ki, Krupskayaya təşəkkür etməyi unudub. Papağını yenə əyri qoyub, çıxıb gedib.
Bax, bu da insanın başına gələn ən qəribə vəziyyətlərdən biridir!
Nadejda Konstantinovna, sizə təşəkkür edirəm!
Sizin qırmızı mürəkkəblə yazdığınız o qısa qeydin, “Order verilməsini xahiş edirəm” sözlərinin sayəsində bəlkə də təkcə bir ailənin mənzil problemi həll olunmadı. Bəlkə də rus ədəbiyyatının gələcək taleyinə təsir edən hadisələrdən biri baş verdi.
Tarix bəzən güllələrlə, fərmanlarla, inqilablarla deyil, bir vərəqin kənarına atılmış sadə bir imza ilə dəyişir. Bu, mistika deyil, həyatın özüdür.
Hərçənd həmin evdə mistika onsuz da kifayət qədər idi…
Müəllif: Mixail Sorokin
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az
