Linkoln duelə çıxmalı idi: Boy üstünlüyündən istifadə edərək rəqibinə qeyri-adi şərt qoydubackend

Linkoln duelə çıxmalı idi: Boy üstünlüyündən istifadə edərək rəqibinə qeyri-adi şərt qoydu

1842-ci ildə ABŞ-ın gələcək prezidenti Abraham Linkoln gözlənilməz bir vəziyyətlə üzləşmişdi. O, həmin vaxt hələ prezident deyildi və İllinoys ştatının siyasi həyatında fəal iştirak edən gənc siyasətçi kimi tanınırdı. Həmin il Linkoln duelə çağırılmışdı.

Onu duelə İllinoys ştatının auditoru Ceyms Şilds çağırmışdı. Mübahisənin səbəbi isə yerli qəzetdə dərc olunan satirik yazılar idi. Yazılarda Şildsin fəaliyyəti və siyasi mövqeyi istehza ilə tənqid edilmiş, nəticədə o, həmin yazıları şəxsi təhqir kimi qəbul etmişdi.

XIX əsrin həmin dövründə siyasi və ictimai şəxslər arasında belə münaqişələrin duel çağırışı ilə nəticələnməsi tamamilə qeyri-adi sayılmırdı. Tərəflərdən biri digərini təhqir etdiyini düşünür və məsələni silahla həll etməyə cəhd göstərirdi.

Dövrün duel qaydalarına əsasən, silah seçmək hüququ çağırılan şəxsə məxsus idi. Linkoln da bu hüquqdan kifayət qədər ağıllı şəkildə istifadə etdi.

193 santimetrlik Linkolnun hesabı

Boyu təxminən 193 santimetr olan Linkoln rəqibindən xeyli hündür idi. O, silah seçərkən adi tapança və ya qılınc əvəzinə nəhəng süvari palalarını seçdi. Bu seçim ilk baxışdan qəribə görünsə də, Linkolnun fiziki üstünlüyü nəzərə alındıqda bunun arxasında kifayət qədər ciddi taktiki hesablamanın olduğu görünür.

Pala uzun və ağır süvari qılıncı idi. Belə bir silahdan istifadə zamanı boy və qol uzunluğu mühüm üstünlük yarada bilərdi. Linkoln da məhz bu fiziki üstünlüyünü maksimum dərəcədə artıracaq silah seçmişdi.

Nəhayət, sentyabrın 22-də tərəflər Missisipi çayındakı Bledi-Aylendə (Bloody Island) gəldilər. Duelin burada keçirilməsi planlaşdırılırdı.

Hadisənin sonrakı illərdə yayılan versiyasına görə, döyüş başlamazdan əvvəl Linkoln öz seçdiyi palalardan birini əlinə aldı. O, bütün boyu ilə dikəldi və başının xeyli üzərində yerləşən ağac budağını bir zərbə ilə kəsdi.

Bu nümayişin əsas məqsədi Şildsə çox aydın mesaj vermək idi: Linkolnun boyu və uzun qılıncı ona döyüşdə ciddi üstünlük verirdi. Rəqibinin isə həmin hündürlüyə və məsafəyə çatması olduqca çətin olacaqdı.

Başqa sözlə, Linkoln duel başlamamışdan əvvəl rəqibinə öz üstünlüyünü nümayiş etdirmişdi.

Duel baş tutmadı

Lakin bütün hazırlıqlara və tərəflərin duel meydanına gəlməsinə baxmayaraq, qarşıdurma qanlı sonluqla nəticələnmədi.

Kişilərin dostları və saniyantları vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa çalışdılar. Nəticədə tərəfləri barışdırmaq mümkün oldu və Linkolnla Şilds duelə çıxmadan ayrıldılar.

Beləliklə, ABŞ tarixinin gələcək prezidentlərindən biri həyatının ən qeyri-adi qarşıdurmalarından birini qan tökülmədən başa vurdu.

Bu hadisə sonradan Linkolnun bioqrafiyasında maraqlı epizodlardan biri kimi xatırlanmağa başladı. Ən diqqətçəkən məqam isə onun duel zamanı fiziki üstünlüyündən necə istifadə etməsi idi.

Tarixin ironiyası ondadır ki, sonralar ABŞ prezidenti olacaq Abraham Linkoln həmin dövrdə siyasi rəqibi ilə qılıncla üz-üzə gəlmək təhlükəsi qarşısında idi. Lakin duel baş tutmadı və tərəflər razılığa gələrək hadisəni tarixə yalnız qəribə bir siyasi qarşıdurma kimi yazdırdılar.

Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*