Liviyanın paytaxtı Tripolidə bir qrup silahlı şəxs Hesablama Palatasının mənzil-qərargahına basqın edərək rəhbərliyində dəyişiklik etməyə çalışıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Əl-Hədəs” məlumat yayıb.
Bildirilib ki, maskalı silahlı şəxslər Ənvər əl-Hauşın Hesablama Palatasının sədr müavini vəzifəsinə təyin olunmasını təmin etmək üçün binaya daxil olublar. O, bu vəzifəyə Ali Dövlət Şurasının sədri Məhəmməd Təkala tərəfindən təyin edilmişdi, lakin qərar həm şuranın özündə, həm də Nümayəndələr Palatasında (ölkənin şərqindəki birpalatalı parlament) etirazlara səbəb olub.
Qeyd edilir ki, basqında iştirak edən şəxslər Milli Razılıq Hökumətinə tabe olan 444-cü Briqadaya mənsubdurlar.
BMT-nin Liviyadakı Dəstək Missiyası Hesablama Palatasının işinə silahlı müdaxilənin dərhal dayandırılmasını və basqınçıların binadan çıxarılmasını tələb edib.
Missiya hesab edir ki, kadr qərarlarının zorla qəbul edilməsi qanunun aliliyinə və dövlət qurumlarının müstəqilliyinə təhlükə yaradır.
