Belarus Prezidenti Aleksandr Lukaşenko RT telekanalına müsahibəsində ABŞ-ın xarici siyasət strategiyasını və qlobal güc balansını kəskin tənqid edərək, Vaşinqtonun Çinlə qarşıdurmada uğur qazanmayacağı barədə xəbərdarlıq edib. Belarus lideri ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadası və təzyiqlərin nəticəsiz qalmasını Vaşinqtonun “mütləq güc” sahibi olmadığının sübutu kimi qiymətləndirib.
Lukaşenkodan ABŞ-a Çin xəbərdarlığı: “İranla bacarmırsınızsa, Çinə heç toxunmayın”
KONKRET.az xəbər verir ki, Aleksandr Lukaşenko Amerikanın “superdövlət” statusuna malik olsa da, artıq “supergüc” olmadığını və bunun bütün dünya tərəfindən dərk edildiyini bildirib. O, ABŞ-ın əsas rəqibinin Çin olduğunu vurğulayaraq, Vaşinqtonun Tehranla bağlı planlarının iflasa uğramasının daha böyük bir güclə qarşıdurmada məğlubiyyət anonsu olduğunu qeyd edib: “Mən bunu çoxdan demişəm: Əgər amerikalılar İranla bacarmırlarsa, Çinə heç toxunmasınlar. Orada elə bir güc var ki, ABŞ heç vaxt onun öhdəsindən gələ bilməyəcək”.
Belarus liderinin sözlərinə görə, Amerika rəhbərliyi artıq özünün mütləq gücə sahib olmadığını anlamağa başlayıb. Lukaşenko hesab edir ki, Vaşinqtonun bu reallığı qəbul etməsi təkcə Çin və Rusiya üçün deyil, həm də öz maraqlarını qoruyan digər ölkələr üçün “hörmətli münasibət” ümidi yarada bilər. O, ABŞ-ı reallıqla barışmağa və digər dövlətlərin suveren hüquqlarına hörmətlə yanaşmağa çağırıb. Analitiklər Lukaşenkonun bu bəyanatlarını Minsk-Moskva-Pekin xəttindəki hərbi-siyasi həmrəyliyin nümayişi və Qərbin qlobal hegemonluğuna qarşı yönəlmiş növbəti diplomatik həmlə kimi qiymətləndirirlər.
Natiq Səlim,
KONKRET.az
