Maaşlarla bağlı mühüm xəbər: müddət başa çatır – Nələr olacaq?backend

Maaşlarla bağlı mühüm xəbər: müddət başa çatır – Nələr olacaq?

2026-cı ilin yanvarın 1-dən fiziki şəxslərin gəlir vergisi üçün müəyyən edilmiş güzəşt müddəti başa çatır.

Qeyd edək ki, 2019‑cu ildən tətbiq olunmuş olan özəl sektordakı əməkhaqqılarla bağlı gəlir vergisi güzəşti 7 il müddətinə nəzərdə tutulub. Güzəşt ləğv edilərsə, maaşın müəyyən hissəsinə 14%, daha yuxarı hissəsinə isə 25% gəlir vergisi dərəcəsi tətbiq ediləcək.

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, özəl sektora tətbiq edilən vergi güzəşti həm formaca, həm də məzmunca uğursuz idi:

“Onun qeyd edilən məqsədlərə çatması real görünmürdü, çünki güzəşt mexanizmi səriştəsiz şəkildə hazırlanmışdı. Güzəştin ləğvi isə əlavə çətinliklər yaradaraq işçilərin real gəlirlərinin azalmasına, əməkhaqqı fondunda vergi yükünün artmasına, nəticədə özəl sektorun fəaliyyətinin ağırlaşmasına gətirib çıxarır. Nəticə etibarilə, məhsulların maya dəyəri artır, əhalinin sosial vəziyyəti isə pisləşir. Dünyada çoxpilləli proqressiv gəlir vergisi sistemi tətbiq olunur, lakin Azərbaycanda mərhələ sayı az olduğuna görə bu, yetərincə yenilikçi deyil. Gəlir vergisinin aylıq deyil, illik qaydada hesablanması daha məqsədəuyğun olardı. Çünki insanların gəlirləri aylar üzrə dəyişkən ola bilər. Əslində, bu, gəlir vergisi adlanır, amma mahiyyət etibarilə maaş vergisidir. Məsələn, şəxs bir neçə yerdə işləyirsə, hər yerdə sanki onun yeganə gəlir mənbəyi kimi vergi tutulur. Halbuki, bütün gəlirlər cəmlənərək yekun məbləğə uyğun olaraq proqressiv dərəcə tətbiq edilməlidir. Təəssüf ki, bu yanaşma hazırda mövcud deyil”.

İqtisadçı bildirib ki, gəlir vergisi illik olarsa, müəyyən üstünlükləri ola bilər:

“Bəzi sosial xərclər – təhsil, səhiyyə, uşaq baxımı vergidən azad edilə bilər. Bu, həm insanların öz inkişafına investisiya qoymasını təşviq edər, həm də cəmiyyətin savad səviyyəsini və sosial rifahını artırar. Dünyada geniş tətbiq olunan bu praktika Azərbaycanda hələ həyata keçirilmir. Bundan əlavə, neft sektoru yüksək gəlir vergisinə cəlb edilməli, qeyri-neft sektorunda isə mütərəqqi və texnoloji sahələrə vergi güzəştləri tətbiq olunmalıdır. Hazırda vəziyyət əksinədir: neft sektoru vergidən azaddır, kənd təsərrüfatı sektoru həm vergidən azad edilir, həm də subsidiya alır. Bu, iqtisadi prioritetlərin yanlış istiqamətə yönəldilməsinə səbəb olur və ölkənin yüksək texnologiyalı sahələrə keçidini ləngidir”.

Ekspert qeyd edib ki, gəlir vergisində daha aşağı, diferensial və selektiv dərəcələrin tətbiqi zəruridir:

“Xüsusilə startaplar və inkişaf potensialı olan sahələr üçün bu, əsas prioritet olmalıdır. Hazırkı sistem isə iqtisadi maraqlardan çox vergi orqanlarının yığımı asanlaşdırmaq məqsədi ilə qurulub. Təəssüf ki, bu sahədə də kiçik qrupların maraqları ümumi iqtisadi maraqlardan üstün tutulur və vergi siyasəti məhz həmin dar qrupun maraqlarına xidmət edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*