“Macarıstan Türk Dövlətləri Təşkilatına üzv olacaq” – Erməni KİVbackend

“Macarıstan Türk Dövlətləri Təşkilatına üzv olacaq” – Erməni KİV

“Macarıstanın baş naziri Viktor Orban “Magyar Nemzet” qəzetinə müsahibəsində bildirib ki, Ukrayna, Rusiya və Çinə səfərindən, Türkiyə prezidenti Ərdoğan və ABŞ-ın keçmiş prezidenti Trampla Vaşinqtonda görüşlərindən sonra Ukrayna böhranının həlli ilə bağlı real planı Ukrayna liderlərinə təqdim edib. Onun planında göstərilir ki, Avropa İttifaqı əgər sülhə can atırsa, öz siyasətini dəyişməlidir. Çünki Macarıstanın təklifi vəziyyətin real qiymətləndirilməsinə əsaslanır, real məqsədlər və müvafiq addımlar cədvəli təklif edir”.

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni mediasında gedən analitik materiallardan birində vurğulanıb.

Həmin məqalənin bir hissəsini təqdim edirik: “Orbanın planının təfərrüatları məlum deyil, ancaq onun təklifinin əsas məqamının hazırkı təmas xəttində atəşkəsin yaradılması ilə bağlı olduğunu ehtimal etmək olar. Rusiya prezidenti ilə görüşdən sonra Orban əvvəlcə Putinin bu ideyanı qəbul etmədiyini bildirsə də, Pekinə səfərindən sonra bəzi düzəlişlər edib. Əgər atəşkəs Ukraynaya qoşunlarını yenidən təşkil etməyə, yerləşdirməyə və yenidən təchiz etməyə imkan verməsə, Rusiya bununla razılaşacaq. Kiyev cəbhə xəttinin atəşkəs zonasında olması təklifini birmənalı olaraq rədd edir.

Məlumdur ki, Orbanın Kiyev, Moskva və Pekinə səfərindən sonra Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə komissarı Jozef Borrel onun Avropa İttifaqını təmsil etmədiyini, bu təmasların sırf ikitərəfli olduğunu bəyan edib. Bütün bunların fonunda “American Politico” eyni anda üç diplomatik mənbəyə istinadən yazır ki, Borrel avqustda Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Budapeşt konfransını keçirməklə Orbanın planını pozmağı planlaşdırır.

Mənbələrin bildirdiyinə görə, avqustun 28-29-da Borrel Brüsseldə Aİ xarici işlər nazirlərinin rəsmi görüşünü keçirəcək. Əgər vaxt Orbanın təşəbbüsü ilə üst-üstə düşərsə, xarici işlər nazirləri Budapeştə gedə bilməyəcək.

Macarıstan baş nazirinin müşavirinin narazılığından belə başa düşülür ki, Aİ-yə üzv dövlətlərin rəhbərləri Orbanın Ukrayna planına kifayət qədər diqqət yetirməyiblər.

Bu vəziyyətdə Vaşinqtonda Orban-Ərdoğan görüşü önə çıxır. NATO sammitində Türkiyə prezidenti Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləsə də, döyüşən tərəfə çevrilməyəcəyini açıqlayıb. Pekində Macarıstanın baş naziri etiraf edib ki, Rusiya Ukraynanı işğal edib, amma o, bu məsələdə hakim deyil. Beynəlxalq mətbuat Macarıstanın baş nazirinin iyulun 6-da Azərbaycana səfər edəcəyi diplomatik marafondan kənarda qalıb.

Macarıstan Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüdür. Onun Ukrayna nizamlanması ilə bağlı təşəbbüsünü TDT-yə üzv ölkələrin liderlərinə də təqdim etməsi istisna deyil. Azərbaycanlı ekspertlərin bəziləri TDT-nin Rusiya-Ukrayna nizamlanmasında da vasitəçilik edə biləcəyi fikrini bildirirlər. Avropa İttifaqının Orbanın Rusiya-Ukrayna nizamlanması planını rədd edəcəyi ehtimalı yüksəkdir.

Bunun ardınca nə gələcək? Orban va-banka gedib TDT-dən dəstək istəyəcəkmi? Avropa İttifaqının bəzi üzv ölkələrindən Slovakiyanın baş naziri Fizo apreldə Azərbaycana səfər edib. Bakının isə Bolqarıstan və Rumıniya ilə kifayət qədər sıx əlaqələri var.

Ehtimal olunur ki, Macarıstan TDT-yə tamhüquqlu üzvlük yolunu seçəcək. Avropa İttifaqı isə TDT-ni legitim beynəlxalq təşkilat kimi tanımır”.

Tərcümə etdi: Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*