Naxçıvan Dövlət Universitetinin “Xalq çalğı alətləri” kafedrasının dosenti, Əməkdar müəllim Zəminə Nəcəfova vəfat edib.
KONKRET.az xəbər verir ki, Zəminə Məhərrəm qızı Nəcəfova 1969-cu ildə Naxçıvan şəhərində anadan olub.
O, 1988-ci ildə Naxçıvan Orta İxtisas Musiqi Məktəbini, 1993-cü ildə isə Azərbaycan Dövlət Konservatoriyasını kamança ixtisası üzrə bitirib.
Z.Nəcəfova əmək fəaliyyətinə musiqi təhsili sahəsində başlayıb. O, 1991–2017-ci illərdə Naxçıvan Musiqi Kollecində kamança müəllimi kimi çalışıb. Eyni zamanda, 2001-ci ildən Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərib. Universitetdə əvvəl müəllim, 2008-ci ildən baş müəllim, 2012-ci ildən isə dosent vəzifəsində işləyib.
Uzun illər pedaqoji fəaliyyət göstərən Zəminə Nəcəfova musiqi təhsilinin inkişafına verdiyi töhfələrlə tanınıb. O, 2015-ci ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb.
