Fransa Prezidenti Emmanuel Makron Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” adlı müdafiə və təhlükəsizlik konfransında Avropanın Rusiya-Ukrayna müharibəsində neytral qala bilməyəcəyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, o, son vaxtlar Qərbdə tez-tez səslənən “Ukrayna ilə Rusiya arasında məsafəni qorumaq lazımdır” fikirlərini tənqid edib:
“Əgər Rusiyaya Ukrayna üzərində cəzasız qalacaq şəkildə qələbə qazanmağa imkan versək, sabah Tayvanla bağlı mövqeyimizi necə əsaslandıracağıq? Fələstin, Filippin və ya başqa bir qlobal böhran zamanı nə deyəcəyik? Sakit dayanmaq olmaz.”
Makron vurğulayıb ki, bu münaqişəyə yalnız Avropa müstəvisində baxmaq böyük strateji səhv olar:
“Bəziləri deyir ki, bu müharibəyə çox resurs sərf edirik və bu, dünya üçün əlavə əzablar yaradır. Amma gəlin açıq danışaq — əgər beynəlxalq ictimaiyyət bu cür aqressiyaya susarsa, növbəti böhranların qarşısını necə alacağıq?”
Fransa lideri çıxışı zamanı Avropa və Asiyanın birgə təhlükəsizlik modeli qurmasının vacibliyini də önə çəkib.
Natiq Səlim,
KONKRET.az