Ölkənin tanınmış sənətçiləri ölüm hökmünün bərpasını istəyiblər. Buna səbəb Sumqayıtda 55 yaşlı kişinin 8 yaşlı qızı zorlamasıdır.
Bu hadisə bardağı daşıran son damla olduğu üçün bir sıra sənət adamları bu fikirdədirlər ki, ölüm hökmünün bərpası, ağır cinayət törədənlərin edam edilməsi dəhşətli cinayətlər törədilməsini qarşısını ala, onların sayını minimuma endirə bilər.
Ölüm hökmünün olduğu ölkələrin təcrübəsi göstərir ki, tam olaraq elə olmur. Həmin ölkələrdə də vaxtaşırı ağır cinayətlər törədilıir, günahkarlar edam edilir, sonra onların yerinə başqaları çıxır, eyni cinayətləri edir, eyni aqibəti yaşayırlar. Cinayət-mühakimə-edam konveyeri heç cür dayanmır.
Ancaq ölüm hökmünün olmadığı, həbsxanaların az qala beş ulduzu otellər səviyyəsində olduğu ölkələrdə də ağır cinayətlər (xüsusilə də kütləvi qətllər) törədən psixopatlar hər zaman tapılır və daha qəddar aktlara qol qoyurlar. Çünki onlar heç nədən çəkinmirlər, edam edilməyəcəklərini bilirlər, həbsxanada rahat həyat keçirəcəklərinə əmindirlər, ona görə də tamamilə günahsız adamları bir neçə dəqiqənin içində güllələyib, məhv edirlər.

Məsələn, 7-8 il öncə Norveçin Utoya adasında 77 nəfəri (60-dan çoxu yeniyetmə) amansızcasına güllələyən Anders Foq Breyvik adlı qatil bu gün ölkəsində hər cür şəraiti olan həbsxanada rahat yaşayır, təhsil almaq istədiyini bildirir, bəzən də haqq-ədalət davası edir.
İranda, ABŞ-ın bəzi ştatlarında onu çoxdan güllələyər, nəşini yandırar, külünü yellərə verərdilər.
Prinsipcə, quduz canavardan artıq olmayan bir adam niyə yaşamalıdır və hər zaman təhlükə saçmalıdır? Breyvik kimi psixopatlar əlinə bir daha silah keçirəcəyi (nəzarətçilərin ani səhvindən bu hadisə hər gün baş verə bilər) halda, gülləsi yetənə qədər insan canı almaqda davam edəcək.

Bu cür adamların yer üzündə yaşamaq, insan cəmiyyətinə qarışmaq haqqı yoxdur. İnsanlıq onlardan qurtulmalıdır. Qəddarlığa, amansızlığa meylli olanlar da özlərindən qabaq amansızcasına güllələnən, ölüm hökmü altında yatan, iztirab içində edam gününü gözləyən canilərin aqibətini bilərək, özlərini tormozlaya bilərlər. Hər 10 belə adamdan ən azı 5-i sırf can qorxusu üzündən ağır cinayətlər törətməkdən çəkinər.
Bu baxımdan gerçəkdən də iki və daha çox adamı qətlə yetirən, qadınları, uşaqları zorlayıb öldürən manyaklara, psixopatlara qarşı tətbiq etmək şərtilə ölüm hökmünü bərpa etmək olar. Ölüm hökmü beyni qızışdığı vaxt “öldürüb, gedib, 15 il yatıb çıxaram” deyənlərin, “nəslini kəsərəm, lap ömürlük yataram” düşüncəsində olanların qızmış beynini bir qədər soyudar, hər halda. Dünyada edamdan qorxmayan manyak, psixopat az-az tapılar.
Konkret.az
