Abşeron rayonunun Mehdiabad qəsəbəsi, Zəlimxan Yaqub küçəsində fəaliyyət göstərən sahibkarlar elektrik enerjisinin tez-tez və uzunmüddətli kəsilməsindən narazıdırlar.
KONKRET.az-ın redaksiyasına müraciət edən Şirməmmədov Elman Hidayət oğlu bildirib ki, sözügedən ünvanda qeyri-yaşayış təyinatlı ticarət obyektində kiçik sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Onun sözlərinə görə, obyektdə dönərxana və kiçik mağaza fəaliyyət göstərir.
Sahibkarın sözlərinə görə, elektrik enerjisi ilə bağlı problem təkcə onun obyektini deyil, Zəlimxan Yaqub küçəsində yerləşən çoxsaylı ticarət obyektlərini və əhalini də əhatə edir:
“Burada 100-ə yaxın mağaza var. Elektrik enerjisi ilə bağlı problem yarananda həmin obyektlərin hamısı əziyyət çəkir. Əhalini isə hələ demirəm. İyun və iyul aylarında ay ərzində ən azı üç dəfə işıq sönüb. Səbəbini soruşanda bizə “kabel yanıb” deyilir. Artıq nəticəni deyirlər, amma bunun səbəbi bəlli deyil.
Avqust ayında isə vəziyyət daha da pisləşib. Artıq ay ərzində beşinci dəfədir elektrik enerjisi kəsilir. Hətta bir həftə ərzində üç dəfə işıq sönüb. Bəzən elektrik enerjisi 6-7 saatdan sonra bərpa olunur, bəzi hallarda isə kəsinti bir gün yarım, hətta iki gün davam edir”.
Elman Şirməmmədov qeyd edib ki, uzunmüddətli elektrik kəsintiləri xüsusilə ərzaq məhsulları satan və iaşə obyektlərinə ciddi maddi ziyan vurur:
“Bizim obyekt dönərxanadır. Mayonez, pomidor, ət və digər tez xarab olan məhsullar soyuducularda saxlanılır. Elektrik uzun müddət olmayanda həmin məhsulların xarab olması riski yaranır. Nəticədə sahibkara ciddi ziyan dəyir. Təkcə avqust ayında mənim təxminən 1000 manata yaxın zərərim olub”.
Sahibkar bildirib ki, problemin həlli üçün aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, nəticə əldə olunmayıb:
“Zəng edib şikayətimizi bildiririk, amma müraciətlərə lazımi şəkildə baxılmır. Qaynar xəttə zəng edirik, cavab verilmir. Yerli işıq idarəsinə zəng edəndə də telefonlara cavab verən olmur. Cavab veriləndə isə “normaldır, olmalıdır” deyirlər. Amma bu, normal deyil”.
Şikayətçinin sözlərinə görə, elektrik enerjisinin verilməsi ilə bağlı abonentlə “Azərişıq” ASC arasında müqavilə münasibətləri mövcuddur və həmin müqavilədə istehlakçının dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.
“İşıqla bağlı müqavilə bağlayanda onun şərtləri var. İstər əhali, istərsə də qeyri-əhali abonent olsun, elektrik enerjisinin dayanıqlı, davamlı və fasiləsiz şəkildə verilməsi öhdəliyi götürülür. Amma burada problem artıq mütəmadi xarakter alıb. Ay ərzində beş dəfə işıq sönür. Bu, artıq xroniki haldır”, – deyə sahibkar vurğulayıb.
O bildirib ki, elektrik enerjisinin uzunmüddətli kəsilməsi kiçik sahibkarların fəaliyyətinə ciddi zərər vurur:
“Dövlət yolun kənarında parklanma ilə bağlı xətt çəkir və həmin xəttdən kənarda avtomobil saxlayan şəxs cərimələnir. Burada isə biz heç kimə ziyan vurmadan öz işimizi görürük. Amma elektrik enerjisinin davamlı kəsilməsi nəticəsində bizə külli miqdarda ziyan dəyir. Bunun məsuliyyəti necə olacaq? Bizim zərərimizi kim qarşılayacaq?
Burada söhbət bir nəfərdən getmir. 100-ə yaxın mağazadan, yüzlərlə ailədən və çoxsaylı sahibkardan gedir. Problem yarananda hamısı zərər görür. Ölkədə müharibə getmir, enerji mənbələri tutulmayıb. Bəs bu qədər uzunmüddətli və tez-tez elektrik kəsintilərinin səbəbi nədir? Niyə imkan verilmir ki, kiçik sahibkarlar normal fəaliyyət göstərsin?”
Sahibkar ölkə rəhbərliyinin kiçik və orta sahibkarlığın inkişafının vacibliyi ilə bağlı mövqeyinə də diqqət çəkib:
“Ölkə rəhbərinin də tezisi var ki, kiçik sahibkara mane olmaq vətənə xəyanətə bərabərdir. Biz işləmək istəyirik, vergi ödəyirik, insanlara xidmət göstəririk. Sadəcə normal iş şəraitinin təmin olunmasını tələb edirik. Elektrik enerjisi ay ərzində dəfələrlə və günlərlə kəsiləndə isə necə işləyək?”
“Azərişıq”dan açıqlama
Məsələ ilə bağlı KONKRET.az-ın sorğusuna cavab olaraq “Azərişıq” ASC-dən bildirilib ki, Mehdiabad qəsəbəsi Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) xidmət ərazisində yerləşir.
Qurumdan qeyd edilib ki, 2026-cı ilin Tədbirlər Planına uyğun olaraq paytaxt və ətraf ərazilərdə olduğu kimi, Mehdiabadda da əsaslı təmir və yenidənqurma işləri aparılır.
“Azərişıq” ASC-dən bildirilib ki, Zəlimxan Yaqub küçəsində elektrik şəbəkəsinin yenilənməsi məqsədilə 400 kVA gücündə transformator məntəqəsinin (TM) əvəzinə yeni 630 kVA gücündə TM quraşdırılıb. Həmçinin transformatorun giriş və çıxış xətləri yenilənib və abonentlərin keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün müvafiq işlər görülüb.
Qurumun açıqlamasına əsasən, yeni salınan tikililər, əhalinin artımı və havaların anomal isti keçməsi nəzərə alınaraq, plan qrafikinə uyğun şəkildə elektrik xətlərində və güc mərkəzlərində təmir və yenidənqurma işləri həyata keçirilir.
“Azərişıq” bildirir ki, bu zaman elektrik enerjisinin verilişində planlı fasilələr tətbiq olunur və bununla bağlı əvvəlcədən qurumun sosial şəbəkə hesablarında və rəsmi internet saytında ictimaiyyətə məlumat verilir.
Qurum əlavə edib ki, həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin məqsədi abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, eləcə də elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.
Bununla belə, sahibkar avqust ayında qeydə alınan çoxsaylı və uzunmüddətli kəsintilərin planlı işlərdən, yoxsa texniki nasazlıqlardan qaynaqlandığının konkret şəkildə izah edilməsini və dəymiş maddi ziyanın nəzərə alınmasını istəyir.
Aynurə İsmayıl
KONKRET.az
