Mehdiyevin həbsi kimlərə və hansı mesajları verdi? – SENSASİON MƏQAMLARbackend

Mehdiyevin həbsi kimlərə və hansı mesajları verdi? - SENSASİON MƏQAMLAR

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsi ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Uzun illər Azərbaycanın siyasi və elmi həyatında mühüm mövqe tutmuş Mehdiyevin istintaqa cəlb olunması cəmiyyətdə müxtəlif reaksiyalara səbəb olub. Ekspertlər hesab edirlər ki, bu hadisə dövlət idarəçiliyi sistemində ədalət və məsuliyyət prinsipinin möhkəmlənməsi, həm də “heç kim toxunulmaz deyil” mesajının praktik təsdiqi kimi qiymətləndirilməlidir.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Züriyyə Qarayeva bildirib ki, məsələ yalnız şəxsi məsuliyyətin müəyyənləşdirilməsi ilə məhdudlaşmır:

Züriyyə Qarayeva

“Ramiz Mehdiyev uzun illər ərzində formalaşdırdığı inzibati və informativ şəbəkədən istifadə edərək dövlətin sabitliyinə və idarəçilik mexanizmlərinə kölgə salan paralel təsir sistemi qurmuşdu. İstintaq materialları göstərir ki, bu şəbəkə son illərdə də aktiv fəaliyyətini davam etdirərək dövlət orqanları daxilində parçalanma, qarşıdurma və inamsızlıq yaratmaq cəhdlərinə yol verib. Bu, dövlətin təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirilməlidir”.

Politoloqun sözlərinə görə, hakimiyyətin bu məsələdə sərgilədiyi qətiyyətli mövqe siyasi iradənin gücünü və dövlət institutlarının sabitliyini qoruma əzmini əks etdirir:

“Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, şəxsi maraqları dövlət maraqlarının qarşısına çıxaran istənilən qüvvə istintaq orqanlarının hədəfində olacaq. Mehdiyevin həbsi bu siyasi iradənin praktiki təsdiqidir”, – Qarayeva qeyd edib.

Ekspertin fikrincə, Mehdiyevin fəaliyyəti ilə bağlı yayılan məlumatların dövlət hakimiyyətinin ələ keçirilməsi və qərarverici mexanizmlərə kənardan təsir göstərilməsi cəhdləri ilə bağlı olması məsələnin hüquqi olduğu qədər milli təhlükəsizlik aspektini də gündəmə gətirir:

“Bu hadisə göstərdi ki, dövlətin təhlükəsizlik orqanları suverenliyə qarşı istənilən planın qarşısını almaq gücündədir. Mehdiyevin həbsi onun illər boyu formalaşdırdığı təsir şəbəkəsinin ifşası baxımından da əhəmiyyətlidir. Artıq heç bir “köhnə sistem”, “boz kardinal” və ya “kölgə mərkəzi” idarəetməyə müdaxilə edə bilməz”.

Züriyyə Qarayeva hesab edir ki, bu addım həm də gənc nəsil dövlət qulluqçularına açıq mesajdır:

“Dövlətin dayaqları fərdlərin deyil, prinsiplərin üzərində qurulmalıdır. Bu, həm dövlətçilik ənənələrinin möhkəmlənməsi, həm də cəmiyyətin ədalətə inamının bərpası baxımından önəmlidir”.

Politoloq əlavə edib ki, baş verənlər Azərbaycanın xarici təsirlərə qarşı dayanıqlığını da nümayiş etdirir.

“Regionda geosiyasi qarşıdurmaların artdığı, Rusiya və Qərb arasında maraq savaşlarının dərinləşdiyi bir vaxtda dövlətin içərisində belə bir təhdidə imkan verilməməsi Azərbaycanın suveren qərarvermə hüququnun qorunması baxımından strateji addımdır.

Azərbaycan dövləti göstərdi ki, hüquq və ədalət prinsipləri qarşısında heç kim istisna deyil. Bu proses həm dövlət idarəçiliyində şəffaflığın, həm də ictimai ədalət hissinin möhkəmlənməsinə xidmət edir”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*