Naxçıvanda kafedə dava olub.
KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhəri, Əziz Əliyev küçəsindəki Əyləncə adasında yerləşən məşhur kafenin ikinci mərtəbəsində baş verib.
Şəhər sakini Kənan Ağayev (soyadı şərtidir – red.) idmandan sonra dostları ilə kafeyə pivə içməyə gedib. Onlar kafedə əyləşərək, pivə sifariş veriblər. Kafedə barmen işləyən Rəşid Məmmədov (soyadı şərtidir – red.) pivələri Kənangil oturan stola aparıb. Bir neçə dəqiqədən sonra dostlar yenidən pivə sifariş veriblər. Rəşidin gətirdiyi pivələrdən biri köhnə süzülmüş olub və bu da Kənana düşüb. Kənan pivənin köhnə olduğunu görüb barmenə irad bildirib və pivəni içməyib. Rəşidlə Kənan arasında mübahisə yaranıb. Mübahisə zamanı Rəşid stoldakı pivəni Kənanın üzərinə tökərək, pivə bakalı ilə onun sifətinə və başına zərbə endirib.
Hadisə nəticəsində xəsarət alan Kənan xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Rəşid Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Cinayət işi yekunlaşdırılaraq məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Rəşid Məmmədov 3 il 6 ay azadlıqdan məhrum edilib.
