“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adlar veriləcək. Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirıər Planı”nda əksini tapıb.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, ilkin olaraq Azərbaycanı Rusiya əsarətinə bağalayan bütün adlar yığışdırılmalıdır:
“Metro, küçə və stansiyalara alternativ adlar Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş siyasi xadimlərin, o cümlədən Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və digərlərinin adları olmalıdır. Azərbaycanı rus imperializminə, Rusiya əsarətinə bağlayan, həmin dövrdə fəaliyyət göstərmiş şəxslərin adları isə ümumiyyətlə hər yerdən yığışdırılmalıdır. Sosialist Əməyi Qəhrəmanı və bu kimi titulları da.
Azərbaycan tarixində önəmli rol oynamış tarixi şəxsiyyətlərdən Nadir şah Əfşarın, Ağa Məhəmməd şah Qacarın adına heç bir küçə, metro yoxdur. Niyə onların adları əbədiləşdirilməsin?! Eyni zamanda, yaxın dövrdə Azərbaycanın tanınmış simaları, o cümlədən Lütfi Zadə kimi elm sahəsinə öz töhfəsini vermiş bir şəxsin də adına hansısa metrostansiya olsa yaxşı olar”.
Ağ Partiyanın sədri Tural Abbaslı qeyd edib ki, Qarabağ müharibəsində şəhid olmuş şəxslərin adları küçə, metro və prospektlərə verilib əbədiləşdirilməlidir:
“Bu məsələ xeyli zaman mübahisə predmeti olub. Azərbaycan uzun müddət çar Rusiyası və SSRİ-nin işğalında qalıb. Bu işğalı, müstəmləkəçiliyi özündə ehtiva edən bütün adlar, simvollar birmənalı olaraq dəyişdirilməlidir.
AMEA-nın üzərindəki 5 güşəli qızıl ulduzu sökdük. Amma Ayna Sultanovanın heykəli şəhərin ən görkəmli yerində qalır. Hamı bilir ki, Ayna Sultanova da, əri Həmid Sultanov da, qardaşı Qəzənfər Musabəyov da vətən xaini olub. Bu kimi insanların adına olan hər şey dəyişdirilməlidir.
Bakıda ən böyük heykəllərdən biri Nəriman Nərimanovundur. Nəriman Nərimanov adına Bakıda hər şey var. Bunların hamısı dəyişdirilməlidir!
“Xalqlar dostluğu” stansiyasının adı niyə belə qalmalıdır? Xalqların dostluğu var ki? Bu, utopik bir şeydir. Bu, sadəcə SSRİ-nin axmaq şüarı idi. Bunların əvəzində Birinci və İkinci Qarabağ müharibələrində qəhrəmanlıq göstərmiş şəhidlərimizin adlarının verilməsi daha yaxşı olar.
Eyni zamanda, tarixi şəxsiyyətlərimizin adını da əbədiləşdirmək lazımdır. Bakıda neçə küçə Nadir şahın, şah Qacarın adınadır?! Bu adları hansısa küçəyə, metroya vermiriksə, zamanla tarixi də unudacağıq.
Ümid edirəm ki, aidiyyəti qurumlar bu sərəncama ciddi yanaşar və biz bu sovet tör-töküntüsündən xilas olarıq”.