Türkiyədə meymunçiçəyi xəstəliyinin aşkarlanması barədə iddialar gündəmə gəlib. Bildirilir ki, bu barədə məlumat İngiltərənin Türkiyəyə səyahətlə bağlı xəbərdarlığında əks olunub. Məsələ ictimaiyyət arasında narahatlıq doğurub: Maraqlıdır, Azərbaycanda yoluxma riski nə dərəcədə realdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, meymunçiçəyi ağır gedişli infeksiya hesab olunmur:
“Bu virus infeksiyası adi qrip formasında keçir. Çox sürətli yayılma qabiliyyətinə malik deyil. Azərbaycanda da vaxtilə belə hallar olub, amma qısa müddətdə qarşısı alınıb. Ona görə də narahat olmağa əsas yoxdur. Sadəcə səpkilərin bədəndə fərqli formada olması səbəbindən “meymunçiçəyi” adlandırılır. Müalicəsi də adi qriplərdən fərqlənmir, rahat şəkildə aparılır”.
Həkimin sözlərinə görə, Azərbaycanda kliniki olaraq bəzi oxşar virus infeksiyalarına rast gəlinir, lakin konkret meymunçiçəyi təsdiqlənməyib:
“Mümkündür ki, kimsə Türkiyədə yoluxub, virusu ölkəyə gətirsin. Hazırda Bakının özündə də kliniki əlamətlərinə görə bu xəstəliyə bənzər hallara rast gəlirik. Amma virusoloji analizlə təsdiqlənmədiyi üçün bunun meymunçiçəyi olduğunu demək mümkün deyil”.
Bağırov əlavə edib ki, xəstəlik ağır fəsad vermir və müalicəsi mümkündür.
Aynurə İsmayıl
KONKRET.az