“Ədalətli Rusiya” Partiyasının lideri Sergey Mironov bildirib ki, fraksiyası ictimai yerlərdə digər ölkələrin dövlət simvollarının istifadəsini məhdudlaşdıran qanun layihəsi hazırlayır.
KONKRET.az xəbər verir ki, siyasətçinin sözlərinə görə, hazırda “istənilən şəxs, istənilən dövlətin — istər Ukrayna, istər ABŞ, istərsə də Azərbaycanın bayrağını və ya gerbini sərbəst şəkildə nümayiş etdirə bilər”. Onun fikrincə, bunu əsasən Rusiyada yaşayan diasporlar edir və bu, guya “Rusiya ilə birliyini hiss etməyən icmalar tərəfindən milli ədavətin qızışdırılmasına” səbəb ola bilər.
Qanun layihəsində müəyyən istisnalar nəzərdə tutulacaq: diplomatik nümayəndəliklər, sərgilər, forumlar və idman tədbirləri.
İronik olaraq, ictimaiyyət artıq zarafatla gözləyir ki, “Ədalətli Rusiya” fraksiyası növbəti “təhlükə” kimi ya qaydalarına uyğun bişirilməmiş borşu, ya da ənənəvi dəyərləri dağıdan xınqalı hədəf alacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az