Suraxanı Mənzil Kommunal Təsərrüfat Birliyinin 74 saylı Mənzil Kommunal-İstismar Sahəsinin keçmiş mühəndisi Eldar Həsənov hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etməkdə ittiham edilən Eldar Həsənovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, Eldar Həsənov işlədiyi qurumun balansındakı mənzilləri satmaq adıyla bir neçə nəfərə qarşı dələduzluq edib.
Belə ki, o, ayrı-ayrı adamlardan MKİS-in balansındakı boş mənzilləri satmaq adı ilə pul alıb və dələduzluq edib.
E.Həsənov özünü qismən təqsirli bilib və ittihamda yazılanların bir hissəsilə razılaşıb. Onun dediklərində xeyli ziddiyyətlər olub.
Məhkəmə ona sual verib ki, mühəndisin Mənzil Kommunal-İstismar Sahəsinin (MKİS) balansında olan əmlakı satmağa ixtiyarı vardımı? E.Həsənov “hə” deyib, amma hansı hüquqi sənədlə mühəndisə belə səlahiyyət verildiyini izah edə bilməyib. O, “hə” deməsini isə belə izah edib: “Boş evdirsə, verə bilərdim. İstintaq vaxtı müstəntiq tapıb göstərmişdi mənə. İndi xatırlamıram”.
Məhkəmə iclasında dindirilən zərərçəkmişlərin sözlərindən məlum olub ki, E.Həsənov mənzili satmaqdan əlavə, adamları ora qeydiyyata saldırmağı da söz verirmiş. Hətta bu adla onları polis idarəsinə də aparıbmış.
Ramilə Həsənova məhkəmədəki ifadəsində deyib ki, həyat yoldaşı Faiq Həsənov bu işdə zərərçəkən, özü isə şahiddir. Onun sözlərinə görə, həyat yoldaşı gəlib evdə ona 74 saylı MKİS-in mühəndisinin onlar üçün 8 min 300 manata ikiotaqlı ev düzəldəcəyini danışıb.
MKİS-in mühəndisi Eldar Həsənov onları həmin evə qeydiyyata saldırmaqdan ötrü polis idarəsinə də aparıb.
“Yoldaşımla getdik, Eldar Həsənovun da yanında bir nəfər vardı. Bizə dedi ki, çöldə gözləyin. Həyat yoldaşımdan da həmin vaxt 1000 manat istədi ki, qeydiyyatdan ötrü lazımdı. Pul məndə idi, verdik. Pulu alıb özü idarəyə girdi. Təxminən on dəqiqə sonra bizi də çağırdılar, getdik, bir polis əməkdaşı bizə blanklar verdi, doldurduq. Polis idarəsindən çıxandan sonra Eldar Həsənova 4 min 700 manat da verdik”,- deyə zərərçəkmiş bildirib.
Təqsirləndirilən E.Həsənov verilən ifadəni təsdiqləyib. Məhkəmədə o da məlum olub ki, E.Həsənov işə adam düzəltmək adı ilə də insanlardan pul alıb.
Bu epizod üzrə zərərçəkmiş isə Əli Abbasov olub. Əli Abbasovun sözlərinə görə, E.Həsənov ondan BP-yə işə düzəltmək adıyla 7 min manat pul alıb.
“Eldarı anamın iş yoldaşının vasitəsilə tanımışam. Eldar Həsənovun şirkəti də vardı, lazım olanda ondan istifadə edirdi. Demişdi ki, BP-də layihə sektorunda qohumu işləyir. Anam soruşdu ki, məni işə düzəldə bilər? Biləndə ki, ingilis dilində danışıram, razılıq verdi. 7 min istədi, iki dəfəyə verdim – 5 min MKİS-də iş yerində, 2 min də dayanacaqda”- deyən Ə.Abbasov əlavə edib ki, xeyli müddət gözləsə də xəbər ala bilməyib.
Əli Abbasov deyib ki, buna görə də BP-nin qarşısına gedib: “Həmin vaxt Eldar özü də ora gəldi. İçəridən çıxdı, dedi, bayaqdan gözləyirəm, o adam gəlib çıxmır. Başa düşdük fırıldaqdı, pulu tələb elədik. 4 min manatını qaytardı…”
Təqsirləndirilən E.Həsənov bu ifadənin bəzi hissələrilə razılaşmadığını desə də, konkret deməyib ki, qəbul etmədiyi hansı fikirlərdir.
O, qohumunun BP-də işləməsini yalandan dediyini bildirib.
Məhkəmə araşdırması davam etdirilir.
Qeyd edək ki, E.Həsənova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 34.312 (rüşvət verməyə təhrik) maddələrilə ittiham elan edilib.
