Monqolustanda Nomqon-1 və Nomqon-2 arxeoloji komplekslərinin qoruyucu hasarları açılıb
KONKRET.az xəbər verir ki, bu gün, iyulun 4-də Monqolustanın Nomqon vadisində Nomqon-1 və Nomqon-2 arxeoloji komplekslərinin qoruyucu hasarlarının açılış mərasimi keçirilib. Türk Akademiyası Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutu ilə birlikdə bir neçə ildir bu ərazidə genişmiqyaslı arxeoloji tədqiqatlar aparır.
Mərasimdə Türk Akademiyasının rəhbərliyi, Monqolustanın elmi qurumlarının nümayəndələri, eləcə də birgə layihənin icrasında iştirak edən arxeoloqlar və tədqiqatçılar iştirak ediblər. (burada adları yazmaq olar)
Qoruyucu infrastrukturun yaradılması Nomqon vadisinin unikal arxeoloji irsinin qorunması istiqamətində növbəti mərhələ olub. Bu ərazidə 2019-cu ildən aparılan birgə tədqiqatlar İkinci Türk xaqanlığının tarixi ilə bağlı yeni məlumatların əldə edilməsinə imkan yaradıb.
Beynəlxalq elmi layihə artıq bir sıra mühüm kəşflərlə yadda qalıb. 2022-ci ildə Nomqon-2 abidəsində qədim türk və soqd yazıları olan daş stelanın yuxarı hissəsi aşkar edilib. Yazıların oxunması nəticəsində ilk dəfə olaraq Kutluq xaqanın adı çəkilən mətn fraqmentləri müəyyənləşdirilib. Bu da abidənin xaqanlara məxsus xatirə kompleksi kimi tanınması üçün elmi əsas yaradıb.
Sonrakı illərdə davam etdirilən tədqiqatlar nəticəsində stelanın qədim türk və Çin mətnləri olan aşağı hissəsi də aşkar edilib. Türk Akademiyası, Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutu və Daxili Monqolustan Universitetinin alimlərinin birgə işi nəticəsində Çin yazısında “Kutluq” titulu və “Türk” etnonimi müəyyən olunub. Bu fakt kompleksin İkinci Türk xaqanlığının banisi Elteriş Kutluq xaqanın hakimiyyəti dövrünə aid olduğunu təsdiqləyən daha bir mühüm sübut kimi qiymətləndirilir.
Qoruyucu hasarların açılması erkən orta əsrlər türk xalqları tarixinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyan abidələrin qorunmasına xidmət edir. Bu addım, həmçinin gələcək arxeoloji tədqiqatlar və beynəlxalq elmi əməkdaşlıq üçün zəruri şərait yaradacaq.
Türk Akademiyası və Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutu Nomqon vadisində birgə tədqiqatları davam etdirmək niyyətindədir. Bu ərazi qədim türklərin tarixi və sivilizasiyası haqqında müasir elmi bilikləri ciddi şəkildə zənginləşdirə biləcək yeni kəşflər üçün böyük potensiala malikdir.
