“Yay aylarında balıq yeməyin zərərli olduğu haqda geniş yayılan, lakin yanlış fikirlər mövcuddur. Əslində isə bu mövzuya bir neçə mühüm məqamı nəzərə alaraq yanaşmaq lazımdır. Balıq yüksək keyfiyyətli protein, omeqa-3 yağ turşuları, vitaminlər və minerallarla zəngin olan çox faydalı bir qida mənbəyidir. Bu xüsusiyyətlər balığı həm qışda, həm də yayda sağlamlıq üçün zəruri edir. Yay mövsümündə balıq yeməyin tibbi baxımdan zərərli olduğunu göstərən heç bir elmi əsas yoxdur. Bununla belə, bəzi insanlar isti havalarda balıq yeməkdən çəkinirlər. Səbəb isə isti hava şəraitində balığın daha tez xarab olması riskidir”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında qida eksperti Asim Vəliyev səsləndirib:
Asim Vəliyev
“Yay aylarında balığın təzəliyi xüsusilə vacibdir. Yüksək temperatur bakteriyaların sürətlə çoxalmasına və balığın tez korlanmasına şərait yaradır. Buna görə də balıq alarkən onun təzə olub-olmadığına xüsusi diqqət yetirilməlidir. Təzə balığın xoş qoxusunun olması vacibdir. Bundan başqa, dərisi parlaq və möhkəm, gözləri isə şəffaf və parıltılı olmalıdır. Balıq alındıqdan sonra ya dərhal bişirilməli, ya da düzgün şəkildə dondurularaq saxlanmalıdır. Bişirməzdən əvvəl balıq yaxşıca təmizlənməli və axar su ilə yuyulmalıdır. Bişirildiyi zaman isə daxili temperaturun ən azı 63°C-yə çatmasına diqqət edilməlidir. Əks halda, balıqda zərərli bakteriyalar qala bilər ki, bu da sağlamlıq üçün risk yaradır. Bundan əlavə, bəzi balıq növləri civə ilə daha çox çirklənmiş olur. Xüsusilə, iri yırtıcı balıqlarda civə səviyyəsi yüksək ola bilər. Bu cür balıqların tez-tez və uzun müddət istehlakı sağlamlıq üçün zərərli ola bilər. Ona görə də yay aylarında da balıq seçimində diqqətli olmaq tövsiyə edilir. Nəticə olaraq, yayda balıq yemək təhlükəli deyil, əksinə sağlamlıq baxımından faydalıdır. Sadəcə balığın təzəliyi, saxlanma şəraiti və düzgün bişirilməsinə xüsusi diqqət yetirilməlidir”.
Qida təhlükəsizliyi üzrə ekspert İlkin Şirinov saytımıza açıqlamasında bildirib ki, bəzən “R” hərfi olmayan aylarda balıq yeməyi düzgün hesab etmirlər. Əslində isə bu yanaşmanın səbəbi balıqların çoxalma dövrü ilə bağlıdır:
“Aprelin sonlarından başlayaraq sentyabr ayına qədər balıqlar kürü tökür və bu dövr onların nəsilartırma mərhələsidir. Məhz bu səbəbdən həmin aylarda balıq ovlamaq qadağandır. Çünki bu, balıq növlərinin qorunması və onların kökünün kəsilməsinin qarşısını alınması baxımından vacibdir. Digər tərəfdən, havaların isti keçməsi də bu dövrdə balığın tez xarab olması ilə nəticələnir. Bu da qida təhlükəsizliyi baxımından risk yaradır. Buna baxmayaraq, marketlərdə və digər satış məntəqələrində buzlu, yəni dondurulmuş balıqlar ilboyu satılır. Bunlar əsasən okean balıqlarıdır və xüsusi şəraitdə dondurularaq saxlanıldığı üçün onların istehlakı fəsildən asılı olmayaraq mümkündür”.
Aynurə İsmayıl
KONKRET.az