Xəbər verildiyi kimi, ABŞ Prezidenti Cozef Bayden ATACMS taktiki ballistik raketləri ilə Rusiya Federasiyasının ərazisinə zərbələr endirməyə icazə verib. Bundan başqa, Böyük Britaniya və Fransanın da oxşar qərar verdiyi qeyd olunur. Litva Prezidenti də təsdiqləyib ki, Ukrayna Qərbin raketləri ilə Rusiyanın dərinliklərinə zərbə endirə bilər.
Rəsmi Moskvanın isə bu hadisələrə cavabı gecikməyib. Bildirilib ki, bu, NATO ölkələrinin müharibədə birbaşa iştirak etməsi anlamına gələcək, Rusiya adekvat reaksiya verəcək.
Rusiya Federasiyası Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov isə bunu üçüncü dünya müharibəsinə səbəb olacaq addım kimi qiymətləndirib.
Görəsən, hadisələr bundan sonra necə inkişaf edə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Baydenin belə qərar verməsinin arxasında müəyyən məqsədlər gizlənir:
“ATACMS taktiki ballistik raketləri 306 km məsafədəki hədəfi məhv edə biləcək potensialdadır. Sözügedən silahla Bryansk, Kursk, Voronej kimi ərazilərdə yerləşən strateji obyektlər məhv edilə bilər. Qeyd olunan məntəqələrdə Rusiyanın neft-qaz emalı zavodları və aerodromlar var. Ukraynanın ballistik raketlərlə zərbələri müharibənin gedişində müəyyən dəyişikliklərə səbəb ola bilər. Baydenin bu qərarı verməsinin məqsədi də budur. Müttəfiqlər Ukraynanın danışıqlar masasında güclü olmasının tərəfdarıdırlar”.
Ekspert vurğulayıb ki, ATACMS-dən istifadə müharibənin coğrafiyasını daha da genişləndirə bilər:
“Rusiyanın hava hücumundan müdafiə qüvvələri adıçəkilən raketlər qarşısında tab gətirməyə bilər. Baxın, ATACMS-nin istifadəsi ilkin mərhələdə Kursk üçün nəzərdə tutulub. ABŞ qeyd edir ki, orada 12 minə qədər Şimali Koreya əsgəri var. Ukrayna da buna görə, raketlərdən istifadə edir. Ancaq Rusiya rəsmiləri açıqlamışdı ki, ABŞ-nin və ya Qərbin bu kimi addımları NATO-nun birbaşa müharibəyə daxil olması kimi qiymətləndiriləcək və cavab sərt olacaq. Qeyd edim ki, müharibənin coğrafiyasının genişlənmə ehtimalı var. Rusiya tərəfi Polşa və ya Finlandiya kimi ölkələrin ərazilərində yerləşən alyansın hərbi bazalarına zərbələr endirə bilər. Bununla da müharibə daha gec başa çatacaq”.
Məlik Məlikov,
KONKRET.az