Naxçıvanda intensiv bağçılıq inkişaf etdirilir – dövlət dəstəyi və uğurlu fermer təcrübəsi – VİDEObackend

Naxçıvanda intensiv bağçılıq inkişaf etdirilir - dövlət dəstəyi və uğurlu fermer təcrübəsi - VİDEO

Naxçıvan Muxtar Respublikasında aqrar sahənin müasir texnologiyalarla şaxələndirilməsi və intensiv bağçılığın inkişafı fermerlərin əsas hədəfinə çevrilib. Bu yanaşma, Prezident İlham Əliyevin təsdiqlədiyi kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramında da strateji xətlərdən biridir. Dövlət Proqramında yüksək əlavə dəyər və ixrac imkanları olan intensiv və superintensiv bağçılığın inkişafı ön plana çəkilir. Əgər son 5–7 ildə ölkədə 50 min hektar intensiv bağ salınmışdısa, 2030-cu ilə qədər bu sahənin 70 min hektara çatdırılması qarşıya əsas hədəf kimi qoyulub.

KONKRET.az azərtac-a istinadən xəbər verir ki, Babək rayonunun Zeynəddin kəndində salınan və gələcəkdə genişləndirilməsi nəzərdə tutulan intensiv bağçılıq təsərrüfatı bu istiqamətdə həyata keçirilən uğurlu layihələrdən biridir.

Təsərrüfat sahibi Vətən Abbasov Naxçıvanda ilk dəfə olaraq moruq və böyürtkənin bir arada becərildiyi intensiv bağ yaradıb. İki il əvvəl salınan bağda müasir damcı suvarma sistemi qurulub, bütün aqrotexniki tədbirlər vaxtında həyata keçirilir və artıq ilk məhsul əldə olunub.

Fermer deyir ki, böyürtkən və moruq bağlarında düzgün qulluq məhsuldarlığın əsas şərtlərindən biridir. Xüsusilə böyürtkən bitkisində məhsul yığımı başa çatdıqdan sonra köhnə budaqlar kökündən kəsilir, yeni zoğlar isə növbəti ilin məhsulu üçün saxlanılır. Bu üsul həm bitkinin sağlam inkişafını təmin edir, həm də məhsulun keyfiyyətini artırır.

Hazırda təsərrüfatın ümumi sahəsi 1 hektardan artıqdır. Ərazidə çiyələk, böyürtkən və moruq yetişdirilir. Bu mövsüm təsərrüfatdan 4-10 ton arasında məhsul götürülməsi proqnozlaşdırılır.

Vətən Abbasov bildirir ki, giləmeyvəçilik kiçik torpaq sahələrində belə yüksək iqtisadi səmərə əldə etməyə imkan verir. Daxili bazarda məhsullara olan tələbatın artması, həmçinin emal sənayesi üçün xammal kimi istifadə perspektivləri bu sahənin gəlirliliyini yüksəldir və fermerlərin marağını artırır.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Bəhruz Qasımov bildirib ki, Prezident İlham Əliyevin bu il mayın 25-də kənd təsərrüfatı məsələlərinə dair keçirdiyi müşavirədə və aqrar sahənin inkişafı ilə bağlı 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramında intensiv bağçılığın genişləndirilməsi üzrə mühüm tapşırıqlar yer alıb və hədəflər müəyyənləşdirilib. Nazirlik tərəfindən bu istiqamətdə müvafiq təşviqedici tədbirlərin icrası və fermerlərlə maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulur. O, intensiv bağçılığın inkişafında dövlət dəstəyinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Tətbiq olunan subsidiya mexanizmlərinə əsasən, moruq bağlarının salınmasına hər hektara 3200 manat, böyürtkən bağlarına isə hər hektara 10 min 400 manat dövlət dəstəyi verilir. Bu təşviq mexanizmləri fermerlərin yeni investisiyalar yatırmasına, istehsal həcmini artırmasına və risklərini minimuma endirməsinə şərait yaradır.

“Moruq və böyürtkən istehsalında damcı suvarma sisteminin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Bu texnologiya su sərfiyyatını azaltmaqla yanaşı, bitkilərin qida maddələri ilə səmərəli təminatına şərait yaradır, məhsuldarlığı artırır və yüksəkkeyfiyyətli məhsul əldə edilməsinə imkan verir. Məhz buna görə də damcı suvarma sistemi ilə təmin olunmuş bağlara daha yüksək məbləğdə subsidiya verilir”, – deyə nazirliyin rəsmisi əlavə edir.

Əminlikdə demək olar ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində görüləcək işlər, Naxçıvanın əlverişli torpaq-iqlim şəraiti və sahibkarların təşəbbüskarlığı hesabına intensiv bağçılığın inkişafı qarşıdakı illərdə daha da sürətlənəcək. Babək rayonunun Zeynəddin kəndində salınan yeni moruq və böyürtkən intensiv bağının genişləndirilməsi də təkcə əhalinin keyfiyyətli yerli məhsullarla təmin olunmasına deyil, həm də emal sənayesinin inkişafına və gələcəkdə ixrac imkanlarının artırılmasına töhfə verəcək. Bu cür layihələr aqrar sahədə şaxələndirmə siyasətinin uğurlu nəticəsi olmaqla yanaşı, kənd yerlərində məşğulluğun artırılması və yüksəkgəlirli kənd təsərrüfatı istehsalının genişləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*