Neft bahalaşır: Azərbaycanda maaş və pensiyalar artacaq?backend

Neft bahalaşır: Azərbaycanda maaş və pensiyalar artacaq?

Dünya bazarında “Azəri Light” markalı Azərbaycan neftinin qiymətinin artması ölkənin valyuta gəlirlərinin yüksəlməsinə və dövlət büdcəsinin imkanlarının genişlənməsinə şərait yaradır. Bununla yanaşı, qlobal bazarlarda enerji daşıyıcılarının bahalaşması idxal olunan məhsul və xidmətlərin qiymətlərinə də təsir göstərir.

Bəs neft gəlirlərinin artması əhalinin əməkhaqqı və pensiyalarının yüksəldilməsinə, eləcə də sosial təminatın yaxşılaşdırılmasına necə təsir edə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, “Azəri Light” markalı neftin qiymətinin artması Azərbaycanın valyuta gəlirlərinin çoxalmasına səbəb olur.

Natiq Cəfərli başladı: 150 imza toplayıb Yeni Sabah

Onun sözlərinə görə, neftin bahalaşması ölkəyə daha çox valyutanın daxil olmasına, həmçinin Dövlət Neft Fondunun gəlirlərinin və icmal büdcənin imkanlarının genişlənməsinə şərait yaradır.

İqtisadçı qeyd edib ki, neft qiymətlərinin yüksəlməsi Azərbaycan üçün yalnız müsbət nəticələr doğurmur. Belə ki, ölkənin idxaldan asılılığı qlobal bazarlarda baş verən qiymət dəyişikliklərinin daxili bazara da təsir göstərməsinə səbəb olur.

Natiq Cəfərlinin fikrincə, dünya bazarında neftin bahalaşması müxtəlif mal və xidmətlərin, o cümlədən ərzaq və qeyri-ərzaq məhsullarının, eləcə də daşınma xərclərinin artması ilə nəticələnir. Bu isə Azərbaycana idxal olunan məhsulların qiymətlərində yüksəlişə yol aça bilər.

Beləliklə, neftin bahalaşması bir tərəfdən ölkənin valyuta daxilolmalarını artıraraq dövlətin maliyyə imkanlarını genişləndirsə də, digər tərəfdən idxal qiymətləri vasitəsilə inflyasiya təzyiqlərini gücləndirəcək.

Neft gəlirlərinin artmasının əməkhaqqı və pensiyaların yüksəldilməsinə, sosial ödənişlərin genişləndirilməsinə təsiri isə büdcə siyasətindən və əlavə gəlirlərin hansı istiqamətlərə yönəldilməsindən asılıdır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*