Nepalın Nuvakot rayonundakı orta məktəbin direktoru 900 şagirdi sel axınından xilas edib.
KONKRET.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.
Radjendra Davadi 1600 uşağın təhsil aldığı Tribhuvan Trişuli orta məktəbinə rəhbərlik edir. Avqustun 26-da o, yaxınlaşan sel axını barədə dörd xəbərdarlıq alıb, bunlardan biri qonşu Betravati şəhərindən gəlib. Bundan sonra direktor dərsləri ləğv etmək qərarına gəlib və bütün şagirdlərə dərhal hündürlüyə qalxmağı əmr edib.
“Mən düşündüm ki, artıq tərəddüt etmək lazım deyil. Daşqın baş verməsəydi belə, bu, sadəcə bir tədris günü olardı”, — deyə direktor Radjendra Davadi izah edib.
Təxliyə davam edərkən direktor çayın təqribən 100 metrliyində yerləşən yataqxana binasını sel sularının basdığını görüb. Onun sözlərinə görə, cəmi 10 dəqiqəlik gecikmə məktəbdə olan hər kəsin ölümü ilə nəticələnə bilərdi.
Xilas edilən məktəblilərdən biri, 16 yaşlı Yunişa jurnalistlərə bildirib: “Məni və sinif yoldaşlarımı ölümdən demək olar ki, 10 saniyə ayırırdı”. Onun sözlərinə görə, su və qırıntılar şəhəri basarkən uşaqlar cığırla yuxarı qaçıblar. Sel gəldikdən üç gün sonra Yunişa ailəsi ilə qovuşub.
Stixiya Nepalın digər rayonlarına da zərbə vurub. Daşqından ən çox zərər çəkən yerlərdən biri olan Dadinqdə bir qrup məktəbli suyun gəldiyi an nahar fasiləsində olduqları üçün sağ qalıb. Digər məktəblərdə müəllimlər uşaqlara çantalarını və yemək qutularını atıb qaçmağı əmr edərək, su basmazdan əvvəl onları siniflərdən çıxarmağa vaxt tapıblar.
“Save the Children” xeyriyyə təşkilatının məlumatına görə, daşqın ölkədə ən azı 69 məktəbi dağıdıb və ya zədələyib ki, bu da təqribən 19 min uşağa təsir edib.
Nepalda daşqının fəsadları
Sel axınının yaranmasına buzlağın uçması səbəb olub və bu, güclü su, daş, buz, palçıq və qaya axını yaradıb. Dalğa kəndləri və dərələri keçərək evləri, yolları, energetika infrastrukturu obyektlərini və sərhəd-keçid məntəqəsini dağıdıb. Fəlakət Katmandu ilə Tibetin Lhasa şəhərini birləşdirən marşrut rayonunda baş verib. Bu yol turistlər və zəvvarlar arasında populyardır, buna görə də itkin düşənlər arasında çoxlu əcnəbilər olub. Yerli hakimiyyət orqanlarının məlumatına görə, faciənin səbəblərindən biri qlobal iqlim dəyişikliyi olub.
Nepalda daşqın son məlumatlara görə, 903 nəfərin ömrünə son qoyub. Avqustun 31-nə olan məlumata əsasən, təqribən 4247 nəfər itkin düşmüş hesab olunur. Müstəqil Nepal Elektrik Stansiyaları İstehsalçıları Assosiasiyası da bildirib ki, daşqından sonra ölkədəki hidroenergetika obyektlərində olan 934 nəfər itkin düşüb.
Çin tərəfində, Tibet Muxtar Rayonunda torpaq sürüşməsi nəticəsində ən azı 16 nəfər ölüb, daha 546 nəfər isə itkin düşmüş kimi qeydiyyatdadır. Bu barədə “Xinhua” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Ö ölkənin maliyyə naziri Svarnim Vaglenin bəyanatına görə, Nepalın daşqından sonra bərpası üçün 4 milyard dollardan 5 milyard dollara qədər vəsait tələb oluna bilər. Onun sözlərinə görə, bu, yalnız ilkin qiymətləndirmədir — hakimiyyət orqanları zərəri hesablamağa davam edir. gözlənilən məbləğ ölkə iqtisadiyyatının təxminən onda birini təşkil edir. Bununla yanaşı, Vagle qeyd edib ki, bərpa işləri təxminən 9 milyard dollar tələb edən 2015-ci il zəlzələsindən daha ucuz başa gələcək.
Rəsmiyyə Şərifova,
KONKRET.az
