“Nikol Paşinyana dəstək olmaq lazımdır” – Ozan Örməci  ilə SENSASİON MÜSAHİBƏbackend

“Nikol Paşinyana dəstək olmaq lazımdır" - Ozan Örməci  ilə SENSASİON MÜSAHİBƏ

“Azərbaycan sadəcə öz torpaqlarını işğaldan azad etmək üçün savaşdı və heç bir təxribata uymayaraq prinsipial mövqe nümayiş etdirdi”.

Bu sözləri Türkiyənin İstanbul Aydın Universitetinin müəllimi, dosent, siyasi ekspert Ozan Örməci KONKRET.az-a müsahibəsində deyib.

Ekspertlə müsahibəni təqdim edirik:

– Ozan bəy, Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmaq üçün hansı addımları atmalıdır?

– Beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi hər kəs üçün faydalı oldu. Biz də Türkiyə olaraq yaşananlardan qürur duyduq. İllər ərzində bunu diplomatik və sülh yolu etmək fürsətləri var idi, amma Ermənistanın xətalı siyasəti müharibəyə gətirib çıxardı. Azərbaycanın öz suverenliyini və Konstitusiya quruluşunu bərpa etməsindən sonra isə bölgədəki erməni əhalisinin böyük əksəriyyəti Qarabağı tərk etdi. Amma Azərbaycan müharibədə qələbə qazanmasına rəğmən, onlara birlikdə yaşamağı təklif etdi və prosesləri çox doğru idarə etdi.

Yeni dönəmdə Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması üçün bu üç dövlət birlikdə qətiyyətli və ciddi addımlar ata bilərlər. Düşünürəm ki, Rusiya da bununla bağlı kömək edə bilər. Təbii ki, Ermənistan da mövcud status-kvonu qəbul etməli, daxildəki radikalların ata biləcəyi təhlükəli və təxribatçı addımlara icazə verməməlidir. Əslində hər üç ölkənin lideri də münasibətilərin normallaşmasını istəyir. Məncə, münasibətiləri normallaşdırmaq istəyən Nikol Paşinyana da dəstək olmaq lazımdır.

Tərəflər arasındakı münasibətilərin inkişaf etməsində maliyyə də həlledici rol oynayacaq. Türkiyə-Ermənistan sərhədində ticarətin başlanması illərdir gündəmdə olan məsələ olsa da, rəsmi Ankara Qarabağ problemi ilə bağlı Bakının mövqeyini müdafiə etmək üçün bu addımı atmırdı. İndi isə Azərbaycanın da buna müsbət yanaşması ilə sözügedən məsələ ilə bağlı sürətli və qətiyyətli addımlar atıla bilər. Bu, sülhün qorunması və dərinləşdirilməsi, habelə region ölkələrinin iqtisadi inkişafı və sabitliyi üçün çox faydalı olacaq. Üstəlik, bu yolla region ölkələri inkişaf etmiş yeni iqtisadi layihələrə və qlobal nəqliyyat/ticarət şəbəkələrinə daxil edilə bilərlər.

– Son zamanlarda beynəlxalq təşkilatların ölkəmizə qarşı həqiqəti əks etdirməyən qərəzli bəyanatlar verdiyini görürük. Onlar nə üçün haqlı Azərbaycanın yanında yer almayaraq, işğalçı Ermənistanı dəstəkləməyə çalışırlar?

– Çünki Azərbaycanın bir müsəlman ölkəsi olaraq zəfər qazanması hər kəsi sevindirmədi. Yəni Azərbaycanın hərbi yolla qazandığı qələbə Avropa İttifaqını və Avropa dövlətlərini məmnun etmədi. Onlar yalnız sülhü dəstəklədiyini deyirlər, amma sülh üçün bəzən savaşmaq lazım gəlir. Azərbaycan da sadəcə öz torpaqlarını işğaldan azad etmək üçün savaşdı və heç bir təxribata uymayaraq prinsipial mövqe nümayiş etdirdi.

Üstəlik, Azərbaycan bu məsələyə müsəlman-xristian mübarizəsi kimi yanaşmır, müxtəlif dinlərə, dinlərarası dialoqa və tolerantlığa dəstək verir. Prezident İlham Əliyev də bunu bacaracaq qədər uğurlu və təcrübəli dövlət başçısıdır. Xalqın da ona inamı getdikcə artmaqdadır. Hər zaman o da vurğulanmalıdır ki, Azərbaycan müsəlmanlarla yanaşı, xristian və yəhudilərin yaşadığı ölkədir.

– Necə düşünürsünüz, son günlərdə Türkiyə və ABŞ arasında yaşanan gərginliyin əsas səbəbləri nələrdir?

– Əslində Türkiyə-ABŞ münasibətləri 2016-cı il iyulun 15-də dövlət çevrilişi cəhdindən sonra böhran içindədir. Böhran bəzən rahib Endryu Branson hadisəsi və ya sabiq prezident Donald Trampın məktubu kimi məsələlərlə dərinləşir və ya unudulur. Hazırda da Türkiyə ilə ABŞ arasında çox sayda problemlər var. Amma məncə ən mühüm məsələ ABŞ-ın PKK-nın Suriyadakı qolu olan PYD və YPG kimi terror qruplaşmalarına açıq və intensiv dəstək verməsidir. İŞİD mövcud olanda Ankara ilə Vaşinqton arasında müəyyən mənada uzlaşma və əməkdaşlıq olurdu. Amma İŞİD tamamilə aradan qaldırıldıqdan sonra iki müttəfiq arasında problemlər meydana gəlib. Rusiya və İran kimi regional aktorlar da bunun fərqində olduğu üçün problemi böyüdərək Vaşinqtonla Ankaranı bir-birindən uzaqlaşdırmağa çalışırlar.

Digər çox vacib problem isə ikitərəfli münasibətlərdə inamın qalmamasıdır. Bunun başlanğıcını Gəzi Parkı hadisələri, Türkiyədən Patriot akkumulyatorlarının çıxarılması və ABŞ-ın Türkiyəyə hava hücumundan müdafiə sistemləri satmaqdan imtina etməsində gördük. Prezident Rəcəb Tayyib Ərdoğan xüsusilə 15 iyuldan sonra ABŞ-a o qədər də güvənmir və İsveçin NATO-ya üzvlüyü kimi mövzularda riskli mövqe tutmaq istəmir. Amma bu mövzuda da tələsik hərəkət etmir, Qərbə yönəlik xəyal qırıqlığını və təpkisini ortaya qoyur.

Təbii ki, bir çox problemləri dialoq və danışıqlar yolu ilə aradan qaldırmaq olar. Çünki Türkiyənin NATO-dan və ümumilikdə Qərb blokundan çıxmaq planı yoxdur. Bununla belə, Rusiya və Çinlə inkişaf edən münasibətlərə görə, çoxölçülü və vektorlu xarici siyasətin öz yerini tutmağa başladığı yeni bir dövrə qədəm qoya bilərik. Bu halda Qərbə əvvəlki kimi müsbət əlaqələr qurmaq asan olmayacaq. Türkiyənin Rusiyadan güclü enerji asılılığı da Ankaranı bu baxımdan cəsarətləndirən faktordur.

– Həmçinin, İsrail və İran arasında da çox ciddi gərginlik yaşanır. Hətta tərəflər bir-birilərini sərt şəkildə təhdid edirlər. Ümumiyyətlə, yaxın gələcəkdə İran-İsrail müharibəsi baş verə bilər?

– İsrail regionda İran və ona yaxın olan “Hizbullah”ı özünə təhlükə hesab edir. Quru əməliyyatı ilə tamamilə məhv edilməsi planlaşdırılan HƏMAS isə İsrailin ərəb mənşəli təhdidlərinə başçılıq edir. Bununla belə, nüvə silahı əldə etmə riski olan İran da ölkə kimi Tel-Əviv üçün siyahının başında yer alır. Məlum olduğu kimi, İran rejimi teokratik quruluşa malikdir və İsrailin varlığını belə qəbul etmir. Bu mühitdə sülh münasibətlərinin qurulmasını gözləmək real deyil.

Ancaq İran rejiminin çökə biləcəyi bir ssenari də inandırıcı görünmür. Əksinə, Tehran Rusiya və Çinlə sıx əlaqələri və Şərqə açılma siyasəti nəticəsində iqtisadi cəhətdən getdikcə güclənir. Hətta İranın bölgədəki siyasi təsirini dəfələrlə artıra biləcəyi də təxmin edilir. Bu isə bəzi ölkələrə mənfi təsir göstərə bilər.

Lakin İranın İsrailə qarşı bir addım atmayacağı təqdirdə böyük regional müharibə riski də real deyil. ABŞ-ın bölgəyə göndərdiyi təyyarə daşıyıcıları İsrailin Qəzza əməliyyatı zamanı İran və “Hizbullah”dan doğan oxşar riski aradan qaldırmaq üçün atılan addım kimi şərh edilməlidir. Yenə də radikal rejimlərin necə davranacağını proqnozlaşdırmaq çətindir. Buna rəğmən, regional müharibənin olmayacağına ümid edirəm.

– Bəs İsrail-HƏMAS müharibəsinin böyüyərək regional müharibəyə çevrilmə ehtimalları nə dərəcədə realdır?

– İsrail-HƏMAS müharibəsi “Hizbullah” və İranın iştirak edəcəyi təqdirdə regional müharibəyə çevrilmə riski daşıyır. Bu mənada Suriya və Livan potensial cəbhədir. Ola bilər ki, İran bu bölgələrdə birbaşa iştirak etmədən hansısa qüvvələr vasitəsilə İsraillə toqquşsun. İran bu bölgələrdə “Hizbullah” və “Həşd əş-Şabi” kimi qüvvələrlə nüfuz sahibidir. Lakin İran rejiminin nüvə silahına nail olmaq ərəfəsində belə bir addım atması məntiqli olmazdı. Əksinə, İran İsrailə qarşı proksi müharibə apara bilər. İsrail hakimiyyəti də İran administrasiyasındakı fanatiklər kimi zaman-zaman radikal qərarlar verə bilər. Bu səbəbdən İsrailin həddindən artıq reaksiyası ilə bağlı narahatlıqlar olsa da, ABŞ-ın bu ölkəyə təsirinin məhdudlaşdırıcı və müsbət təsirləri var.

Bununla belə, İran nüvə silahı əldə etməzdən əvvəl və ya ondan sonra ABŞ regionda aktiv diplomatiya ilə məşğul olmalıdır. Ya da tərəflər daimi status-kvoya yönəldilməli olacaq. Çünki artıq İranı nüvə enerjisi ilə bağlı dayandırmaq mümkün görünmür. Amma bundan sonra Tehranın beynəlxalq bazarlara çıxışı və s. kimi məsələlərlə İsraillə normallaşma olmasa da, status-kvonun yaradılması qeyri-mümkün görünmür.

Elmir Kamal,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*