Novruz bayramı yaxınlaşdıqca bazarlarda vəziyyət də dəyişir. Qiymətlər bahalaşır və bayram məhsulları “ceyran belinə” qalxır. Buna bayram sovqatlarının qıtlığı da səbəb olur. Bəzən isə işbazlar süni ajiotaj yaradırlar. Əslində çox vaxt qiymətlərin kəskin artması süni əngəllərlə bağlı olur.
Məsələ ilə bağlı KONKRET.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, artıq bu, bir ənənə halını alıb:
“Bayram ərəfəsində qiymətlər qalxır. Sabah Od çərşənbəsidir. Bununla bağlı istehlak bazarında da bir hərəkətlilik var. Meyvə-tərəvəzin qiyməti demək olar ki, hər gün artır. Amma Novruz bayramına görə bəzi məhsulların qiymətində kəskin bahalaşmanın olması hələ qabaqdadır. Belə vəziyyətdə isə inhisarçılar dövriyyəni güdüb, nəzarətdə saxlayırlar. Dövriyyə azalanda qiymətlər sabitləşir, dövriyyə çoxalanda bahalaşma başlayır və daha çox qazanmaq istəyirlər. Bu baxımdan Novruz bayramı ərəfəsində hansı məhsullar daha çox alınıb-satılacaqsa, hansı məhsulun dövriyyəsi daha çox artacaqsa, onların hamısının qiyməti bahalaşacaq. Məsələn, düyü, ət, çərəz və yumurtanın bahalaşması gözlənilir. Hətta ola bilsin ki, şəkər də müvəqqəti bahalaşsın. Çünki şirniyyatların hazırlanmasında şəkər tələb olunur. Bu baxımdan şəkərin də dövriyyəsində artım qeydə alınacaq. Məsələn, hazırda qoz ləpəsi 10-15 manata təklif olunur. Yaxın 10-15 gündə bu qiymət ən azı 50 faiz artacaq. Bundan başqa fındıq, şabalıd, fısdıq, badam və digər çərəzlər ən azı 25-30 faiz bahalaşacaq. Ətin və balığın da qiymətində bahalaşma istisna olunmur”.
Müsahibimiz qeyd edib ki, bu cür bahalaşmanın heç bir iqtisadi əsası yoxdur:
“Bayram ərəfəsində bazara daha çox çərəz çıxarılacaq. Amma yenə də qiymətlər xeyli yüksək olacaq. Bu da onunla bağlıdır ki, inhisarçılıq var. Topdansatış məntəqələri barmaqla sayılacaq qədər az şirkətlərin əlindədir. Həmin şirkətlər də bazara istədikləri qiyməti diqtə edə bilirlər. Ona görə də yaxın 10 gündə qiymətlərin artacağı qaçılmazdır”.
Vəli Həsənoğlu,
KONKRET.az