Şəki Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Süleyman Əzizovun cinayət işinin bəzi detalları məlum olub.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama görə, hadisə 2025-ci ilin iyun ayında gecə saatlarında Yevlax şəhərində baş verib.
Belə ki, Süleyman Əzizov həmin gün axşam saatlarında yaşadığı evdən çıxaraq şəhərdə yerləşən mağazalardan birindən pivə alıb və bir müddət parkda oturaraq spirtli içki qəbul edib. Daha sonra gecə saat 00:20 radələrində yaşadığı evə qayıdıb.
Evin həyətinə daxil olarkən o, ögey qardaşı Orxan Səmədovu alkoqol sərxoşluğu vəziyyətində görüb. Təqsirləndirilən şəxs ögey qardaşının əvvəllər də mütəmadi olaraq spirtli içki qəbul etməsini, sərxoş vəziyyətdə onunla mübahisələr etməsini və evdə dinclik verməməsini nəzərə alaraq, bu dəfə də ona irad bildirib.
Bu zaman tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Orxan Səmədov təqsirləndirilən şəxsi nalayiq ifadələrlə təhqir edib. Mübahisəni davam etdirmək istəməyən Süleyman həyətdə olan itin yanına getsə də, ögey qardaşı əlində bıçaqla onun ardınca gəlib və nalayiq ifadələr işlətməyə davam edib. Bu zaman həyətdəki it Orxan Səmədovun üzərinə qaçıb. Nəticədə sonuncu müvazinətini itirərək dizləri üstə yerə çöküb və əlindəki bıçaq yerə düşüb. Süleyman Orxanın bıçağı yenidən götürərək ona xəsarət yetirməməsi üçün həmin bıçağı yerdən götürərək şalvarının arxa hissəsində gizlədib.
Bir qədər sonra ayağa qalxan Orxan yenidən mübahisəni davam etdirərək təqsirləndirilən şəxsi nalayiq söyüşlərlə təhqir edib, onu sifətindən şillə ilə vurub və təpiklə baldır nahiyəsinə zərbə endirib.
Təqsirləndirilən şəxs ögey qardaşının uzun müddətdir ona qarşı təhqiramiz davranışlar göstərməsinə, həmin gecə də onu vurmasına və yenidən təhqir etməsinə görə ondan qisas almaq məqsədilə öldürmək qərarına gəlib.
Bu məqsədlə o, gizlətdiyi mətbəx bıçağını çıxararaq əvvəlcə Orxan Səmədovun döş qəfəsi nahiyəsinə ardıcıl bıçaq zərbələri endirib. Yaralı vəziyyətdə qaçmağa çalışan Orxanı təqib edən Süleyman daha sonra onun kürək nahiyəsinə də bir neçə bıçaq zərbəsi vurub.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmişə ümumilikdə beş ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yara xəsarəti yetirilib. Bu xəsarətlər ürəyin sağ qulaqcığının zədələnməsi və ürəyin tamponadası ilə müşayiət olunub və zərərçəkmişin ölümünə birbaşa səbəb olub.
Beləliklə, Orxan Səmədov aldığı çoxsaylı bıçaq xəsarətlərindən hadisə yerində ölüb.
Məhkəmə iclasında ifadə verən Süleyman Əzizov özünü ittiham üzrə qismən təqsirli bildiyini deyib.
O deyib ki, mərhum onun ögey qardaşı olub və uzun illər spirtli içki qəbul edərək həm onu, həm də analarını narahat edib. Təqsirləndirilən şəxsin sözlərinə görə, Orxan Səmədov dəfələrlə onu və anasını öldürəcəyi ilə hədələyib.
Süleyman Əzizov qeyd edib ki, hadisə günü də ögey qardaşı əlində bıçaqla onun üzərinə gəlib. Həmin vaxt itin hücumu nəticəsində bıçaq yerə düşdüyü üçün o, bıçağı götürərək gizlədib: “Əgər onu öldürmək niyyətim olsaydı, həmin anda bunu edə bilərdim”.
O bildirib ki, sonradan Orxan Səmədov yenidən ona hücum edib, ayağına zərbə vurub və bundan sonra o, bıçaqdan istifadə edib.
Təqsirləndirilən şəxs həmçinin ifadəsində qeyd edib ki, ilk zərbədən sonra Orxanın qaçmasına imkan yaradıb. Lakin ögey qardaşı darvazaya deyil, həyətdə olan baltanın yerləşdiyi istiqamətə doğru hərəkət edib. O, Orxanın baltanı götürəcəyindən ehtiyatlanaraq yenidən ona bıçaq zərbələri endirdiyini vurğulayıb.
Hadisədən sonra anasına zəng edərək baş verənlər barədə məlumat verdiyini deyən təqsirləndirilən şəxs ardınca könüllü şəkildə polisə təslim olduğunu və törətdiyi əməldən peşmanlıq hissi keçirdiyini bildirib.
Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən bacısı isə ifadəsində qeyd edib ki, hadisədən təxminən iki saat əvvəl qardaşlarının evində olub və həmin vaxt onların arasında heç bir mübahisə və ya gərginlik müşahidə etməyib.
Onun sözlərinə görə, gecə saatlarında anası zəng edərək qardaşların dalaşdıqlarını və Orxanın bıçaqlandığını bildirib. Hadisə yerinə çatdıqda isə ögey qardaşı Süleymanın qapını açdığını, Orxanın isə həyətdə qan içində uzandığını görüb.
Hüquqi varis vurğulayıb ki, Orxan əsəbi xarakterə malik olub, tez-tez spirtli içki qəbul edib və hirslənən zaman ögey qardaşına qarşı “səni öldürərəm” kimi ifadələr işlədib. O, həmçinin məhkəmədə təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını deyib.
