“Mercedes” markalı avtomobillərin hissələrinin qıtlığı Rusiyada oğurluq hallarının artmasına səbəb olub.
KONKRET.az xəbər verir ki, artıq avtoservis işçiləri də oğurlanan avtomobillərin hissələrinin genişmıqyaslı satışını təşkil etməkdə ittiham olunurlar.
Məsələn, dünən Bryansk polisi “Mercedes” markalı avtomobilin oğurlanmasının üstünü açarkən avtoservis işçisini saxlayıblar. Məlum olub ki, maşının 40 yaşlı sahibi onu bir neçə ay əvvəl təmirə verib. Amma bir müddət sonra avtomobil servisdən “yoxa çıxıb”.
Müstəntiqlər müəyyən ediblər ki, avtomobil təmiri sexinin işçisi avtomobili evakuatorla Bryanskdan Moskvaya aparıb və paytaxtdakı avtosalonlara 700 min rubla satıb. Orada maşın sökülərək hissələri satılıb.
Avtomobil oğurluğu etməkdə şübhəli bilinərək saxlanılan şəxs əvvəllər məhkum olunub.
Qeyd edək ki, noyabrın 1-də Podolsk polisi Rusiyanın iri bazarının anbarlarından birindən beş milyon rubl dəyərində mal oğurlamaqda şübhəli bilinən üç nəfəri saxlayıb. Onlar oğurladıqları malları büzməli borulara qoyub, Koledinodakı anbardan çıxaraq maşına yükləyiblər. Yol boyu malları maşınlarına yükləyib, sonra da satıblar.
Xatırladaq ki, sanksiyalar səbəbindən Rusiyaya Avropa ölkələrinin istehsal etdiyi maşınlar və onların hissələri gətirilmir.
Rəsmiyyə Şərifova,
KONKRET.az