Cari il sentyabr ayının ortalarına qədər 149 özəl tibb müəssisəsində plandankənar, 85 özəl tibb müəssisəsində isə planlı yoxlamalar aparılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib.
Əlavə edilib ki, qeyd olunan dövrdə özəl tibb müəssisələrində həyata keçirilən yoxlamalar nəticəsində 45 işçinin sertifikasiya şəhadətnaməsi olmadan fəaliyyət göstərdiyi aşkarlanıb və bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 215.4-ci maddəsi ilə müvafiq protokollar tərtib edilib.
AEM vətəndaşlara tövsiyə edir ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında qanunsuz fəaliyyətlə və ya şübhəli hallarla rastlaşdıqda, mərkəzin əlaqə nömrələri vasitəsilə onlara məlumat versinlər. “Daxil olan bütün müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılır, zərurət olduqda həmin müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir” – deyə AEM-dən bildirilib.