Ermənistanın Baş naziri Nikol Paşinyan 20 günlük məzuniyyətə çıxaraq dağ yürüşünə yollanıb.
KONKRET.az xəbər verir ki, o, sosial şəbəkə hesablarında mühafizəçilərinin müşayiəti ilə dağa qalxdığını əks etdirən görüntülər paylaşıb.
Bu vaxt Avropa İttifaqı Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını artırmaq məqsədilə yeni mülki missiyaya başladığını açıqlayıb.
İki il fəaliyyət göstərəcək missiya kibertəhlükələrə, dezinformasiyaya və qanunsuz maliyyə axınlarına qarşı ölkənin imkanlarının gücləndirilməsini hədəfləyir.
Bolqarıstanın “BNR News” radiosunda çıxış edən Brüsseldə yerləşən Martens Centre-in icraçı direktoru Tomi Huhtanen bildirib ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin İrəvana son səfəri Ermənistanın Aİ ilə yaxınlaşmasının açıq göstəricisidir. Onun sözlərinə görə, Moskva İrəvana siyasi və enerji alətləri vasitəsilə təzyiq göstərməyə davam edə bilər.
Avropa Parlamentinin bolqarıstanlı deputatı Radan Kanev isə Ermənistanın Aİ-yə inteqrasiya yolunun mürəkkəb olacağını deyib. O, bildirib ki, ölkənin geosiyasi vəziyyəti, Rusiya və İranla münasibətləri bu prosesi çətinləşdirən əsas amillərdəndir.
Ekspertlər Rusiyanın Ermənistana hərbi müdaxiləsini yaxın perspektivdə real hesab etməsələr də, regiondakı vəziyyətin Ukrayna müharibəsinin gedişindən əhəmiyyətli dərəcədə asılı olduğunu vurğulayıblar.
Müşviq Tofiqoğlu
KONKRET.az
