Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün hansı prinsiplər əsasında qurulmalı olduğunu açıqlayıb.
KONKRET.az xəbər verir ki, Paşinyan bunu sosial şəbəkələrdəki canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, sülh sazişinin nəticəsində Ermənistanın ərazisi 29 743 kvadratkilometr olmalıdır: “Həmçinin sərhədin hər iki tərəfində anklav və eksklavlar olmamalıdır, Ermənistanla Azərbaycan uyğun ölçüdə ərazilərlə dəyişməlidir”.
Paşinyan qeyd edib ki, “Sülhün kəsişməsi” (“Crossroads of Peace”) layihəsi çərçivəsində və ondan kənarda bütün yollar və kommunikasiya xətləri açıq olmalıdır: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı heç bir tələb irəli sürməməli, bütün məsələlər üzrə bir-birini rahat buraxmalıdır. Qarabağ, Girdman, Şirvan, Naxçıvan və ya Qərbi Azərbaycan məntiqi də daxil olmaqla, heç bir tələb olmamalıdır”.
Ermənistan hökumətinin başçısı bildirib ki, Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyevlə son təmaslarının nəticələrinə əsasən, iki ölkənin sülhü məhz bu formada təmin edilə bilər.
