Paşinyanın sülhlə bağlı son mesajlarından sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, eləcə də Zəngəzur dəhlizi və digər nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı müzakirələr genişlənib. Bu mesajların Ermənistanın regional siyasətində dəyişikliyə səbəb olub-olmayacağı suallar doğurur. Bu baxımdan Zəngəzur dəhlizinin gələn il açılacağı ilə bağlı da müəyyən fikirlər səslənir. Bəs bu, nə dərəcədə realdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Paşinyan indiyədək həyata keçirdiyi siyasi kursu davam etdirməyə çalışır:

“Bu çərçivədə Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımların atılması da mümkündür. Rəsmi İrəvan eyni zamanda regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində də fəaliyyətini davam etdirmək niyyətindədir. Zəngəzur dəhlizinin açılması məsələsi yalnız Ermənistandan asılı deyil. Bu proses daha geniş beynəlxalq razılaşmalar çərçivəsində həyata keçirilir. Dəhlizin fəaliyyətə başlaması ilə bağlı tərəflər arasında əsas sənədlərin razılaşdırıldığı bildirilir. Hazırda əsas məsələ praktiki addımların atılması və layihənin icra mərhələsinə keçməsidir”.
Oqtay Qasımov xatırladıb ki, Nikol Paşinyan da daha əvvəl verdiyi açıqlamalarda layihənin ilin ikinci yarısında reallaşma mərhələsinə keçə biləcəyini vurğulayıb.
“O, mövcud kursu davam etdirməyə çalışacaq. Zəngəzur dəhlizinin açılması ilə bağlı isə qarşıdakı dövrdə konkret addımların atılacağını düşünürəm. Mövcud razılaşmalar və verilən bəyanatlar nəzərə alınarsa, layihə üzrə işlərin başlanması real görünür”, – deyə siyasi şərhçi vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
