Paşinyan sülh tarixini yenə dəyişdi: Azərbaycanla razılaşma niyə gecikir?backend

Paşinyan sülh tarixini yenə dəyişdi: Azərbaycanla razılaşma niyə gecikir?

“Nikol Paşinyanın Azərbaycanla sülh sazişinin 2027–2028-ci illərdə imzalana biləcəyi barədə açıqlaması Ermənistan rəhbərliyinin sülh prosesinə münasibətində müəyyən taktiki dəyişikliklərin olduğunu göstərsə də, bunu hələlik real siyasi iradənin təsdiqi kimi qiymətləndirmək tezdir. Çünki sülh sazişinin imzalanması üçün konkret tarixlərin səsləndirilməsi deyil, mövcud siyasi və hüquqi maneələrin aradan qaldırılması vacibdir”.

Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasın da səsləndirib:

ABŞ və Rusiya danışıqlarda üstün tərəf olduqlarını göstərməyə çalışırlar”- Züriyyə  Qarayeva | news365.az

“Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarına hüquqi əsas yaradan müddəalar dəyişdirilməli, sülhün davamlılığını təmin edən hüquqi zəmin formalaşdırılmalıdır. Paşinyanın bir müddət əvvəl 2031-ci ili mümkün tarix kimi göstərməsi, indi isə 2027–2028-ci illərdən danışması İrəvanın sülh prosesinin vaxt çərçivəsini daxili siyasi şəraitə uyğun müəyyənləşdirməyə çalışdığı barədə suallar doğurur. Xüsusilə Ermənistanda seçki prosesləri, konstitusiya islahatları və müxalifətin mövqeyi hakimiyyətin qərarlarına təsir edən amillərdir. Lakin daxili siyasi çətinliklər Azərbaycanla sülhün qeyri-müəyyən müddətə təxirə salınması üçün əsas ola bilməz”.

Politoloq qeyd edir ki, digər tərəfdən, 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişinin mətninin paraflanması artıq danışıqların mühüm mərhələsinin başa çatdığını göstərir.

“Bu baxımdan prosesin daha bir neçə il uzanması ciddi siyasi suallar yaradır. Paşinyanın yeni Konstitusiya layihəsinin hazırlanacağını və hətta bunun üçün növbədənkənar seçkilərin mümkünlüyünü bildirməsi müəyyən addımların nəzərdən keçirildiyini göstərir. Ancaq əsas məsələ həmin bəyanatların konkret qərarlara çevrilməsidir. Ermənistan rəhbərliyi anlamalıdır ki, sülh sazişi yalnız Azərbaycanın deyil, Ermənistanın da təhlükəsizliyi, iqtisadi inkişafı və regional inteqrasiyası üçün strateji əhəmiyyət daşıyır. İrəvanın prosesi daxili siyasi hesablaşmaların predmetinə çevirməsi Ermənistanın özünün də imkanlarını məhdudlaşdıra bilər. Hesab edirəm ki, Paşinyanın sülhə nə dərəcədə hazır olduğunu onun açıqladığı tarixlər deyil, konstitusiya məsələsində atacağı real addımlar, Azərbaycanın ərazi bütövlüyünə münasibətdə hüquqi aydınlığın təmin edilməsi və əldə olunmuş razılaşmaların icrası göstərəcək”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*