Paşinyan yeni korpus komandiri təyin etdi- 6 il öncə Azərbaycan ordusu onu Ağdərədə …. – Fotolarbackend

Paşinyan yeni korpus komandiri təyin etdi- 6 il öncə Azərbaycan ordusu onu Ağdərədə .... - Fotolar

Ermənistan ordusunda mühüm kadr dəyişikliyi həyata keçirilib. Yeni korpus komandiri Samvel Qriqoryanın uzun illər Azərbaycanın vaxtilə işğal altında olmuş Qarabağ ərazilərindəki separatçı hərbi strukturlarda xidmət etdiyi, 2016 və 2020-ci illərdə Azərbaycan Ordusuna qarşı döyüş əməliyyatlarında iştirak etdiyi üzə çıxıb.

KONKRET.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın təklifi əsasında prezident Vaaqn Xaçaturyan Samvel Qriqoryanın Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri təyin edilməsi haqqında fərman imzalayıb.

Təyinatı Ermənistanın müdafiə naziri Suren Papikyan da açıqlayıb. Ermənistan prezidentinin fərmanında təyinatın Paşinyanın təqdimatı əsasında həyata keçirildiyi bildirilir.

Samvel Qriqoryanın hərbi keçmişinin araşdırılması onun Qarabağdakı separatçı hərbi strukturlarla uzunmüddətli əlaqəsini ortaya çıxarır.

Söhbət polkovnik Samvel Slavikoviç Qriqoryandan gedir.

Hələ 2015-ci ilin sonlarına aid məlumatlarda Qriqoryan Qarabağdakı separatçı silahlı qüvvələrin 5-ci müdafiə rayonunun alay komandiri kimi göstərilir. Sonrakı mənbələrdə həmin struktur Ağdərə alayı kimi də təqdim olunur.

Qriqoryan 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusuna qarşı döyüşən separatçı qüvvələrin komandirlərindən biri olub.

Həmin dövrə aid materiallarda polkovnik Qriqoryanın Aprel döyüşlərinin başlanmasını şəxsən təsvir etdiyi də görünür. Onun sözlərinə görə, aprelin 1-dən 2-nə keçən gecə bölmələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirmək barədə göstəriş alıb, daha sonra Azərbaycan Ordusunun hücumu başlayıb.

Beləliklə, Qriqoryan həmin vaxt sadəcə Qarabağda xidmət etməyib, Ağdərə istiqamətində Azərbaycan Ordusuna qarşı döyüşən alayın komandiri olub.

Onun Qarabağdakı hərbi karyerası bununla yekunlaşmayıb.

2017-ci ilin əvvəllərinə aid məlumatlarda Qriqoryan artıq 10-cu dağatıcı diviziyanın qərargah rəisi kimi göstərilir. Bu vəzifə ilə bağlı məlumat 2020-ci ilin 44 günlük müharibəsi zamanı yenidən ortaya çıxıb.

Samvel Qriqoryan 2020-ci ilin Vətən müharibəsində də Azərbaycan Ordusuna qarşı döyüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin 9 oktyabr 2020-ci ildə yaydığı rəsmi məlumata görə, Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası məhv edilib.

Həmin vaxt binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi, polkovnik Samvel Qriqoryan ağır yaralanıb. Zərbə nəticəsində alayın artilleriya rəisi, polkovnik-leytenant Arman Dermeyan və çoxlu sayda hərbçi də öldürülüb.

Qriqoryanın 44 günlük müharibədəki rolu təkcə Azərbaycan mənbələrində deyil, erməni tərəfinin öz məlumatlarında da təsdiqlənir.

2020-ci ilin oktyabrında Qarabağdakı qondarma rejimin “Müdafiə Ordusu” polkovnik Samvel Slavikoviç Qriqoryanın döyüş əməliyyatları zamanı qoşunlara rəhbərlik etdiyini açıqlayıb.

Həmin məlumatda Qriqoryanın “döyüş əməliyyatları zamanı qoşunlara bacarıqlı rəhbərlik etdiyinə və qarşı tərəfin qüvvələrinin məğlub edilməsinə verdiyi töhfəyə görə” II dərəcəli “Döyüş xaçı” ordeni ilə təltif edildiyi bildirilir.

Beləliklə, Paşinyanın təqdimatı ilə Ermənistan ordusunun 3-cü Ordu Korpusunun komandanlığına gətirilən Samvel Qriqoryanın hərbi keçmişində Azərbaycanın Qarabağ bölgəsi xüsusi yer tutur.

O, ən azı 2015-ci ildən Qarabağdakı separatçı hərbi strukturda alay komandiri olub, Ağdərə istiqamətindəki hərbi birləşməyə rəhbərlik edib, 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusuna qarşı iştirak edib, sonradan 10-cu dağatıcı diviziyanın qərargah rəisi olub və 2020-ci ilin 44 günlük müharibəsində yenidən Azərbaycana qarşı döyüş əməliyyatlarında iştirak edib.

2020-ci ildə Azərbaycan Ordusunun zərbəsi nəticəsində ağır yaralanan Qriqoryan həmin müharibədə qoşunlara rəhbərlik etdiyinə görə qondarma rejimin hərbi komandanlığı tərəfindən II dərəcəli “Döyüş xaçı” ordeni ilə təltif edilib. İndi isə Paşinyanın təqdimatı və prezident Vaaqn Xaçaturyanın fərmanı ilə Ermənistan ordusunun 3-cü Ordu Korpusunun komandiri vəzifəsinə gətirilib.\\Musavat.com

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*