Hakim “Vətəndaş müqaviləsi” partiyasının ölkə parlamentindəki fraksiyası ilə əməkdaşlığı “donduran” Ermənistan parlamentinin deputatı Akop Aslanyan partiyadan xaric edilib.
Bu barədə qərar Ermənistanın baş naziri, partiyanın lideri Nikol Paşinyanın sədrliyi ilə keçirilən partiya iclasında qəbul edilib. Ermənistan KİV-i xəbər verir ki, bundan əvvəl deputat dekabrın 11-də hakim fraksiyadan xaric edilib.
Həmin gün Aslanyan partiyadan və fraksiyadan xaric edilən keçmiş həmkarı Ovik Ağazaryanın işi ilə əlaqədar olaraq, “Vətəndaş müqaviləsi” fraksiyasının işində iştirakını bir ay müddətinə dayandırdığını bəyan edib.
Dekabrın 11-də axşam Aslanyan sosial şəbəkədəki səhifəsində fraksiya ilə əməkdaşlığı “dondurmaq” qərarının səhv olduğunu bildirərək bəyanatın skrinşotunu dərc edib.
Eyni zamanda skrinşotdan görünür ki, mətni ona Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan göndərib. Lakin etiraf mətni ona kömək etməyib, sonradan onun parlament fraksiyasından çıxarılması məlum olub.
Günel Mikayılova,
KONKRET.az