Çin Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın Pekinin ABŞ seçkilərinə müdaxilə etdiyi barədə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edib.
KONKRET.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian brifinq zamanı danışıb.
Onun sözlərinə görə, ABŞ tərəfinin bu cür bəyanatları tamamilə əsassızdır.
“Amerika tərəfinin bu cür açıqlamaları tamamilə uydurma və qərəzli böhtandır. Çin həmişə digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə sadiq qalıb, buna heç bir maraq göstərməyib və heç vaxt ABŞ-dakı seçkilərə müdaxilə etməyib”, – deyə Lin Jian bildirib.
Sözçü vurğulayıb ki, Vaşinqtonun Çinin seçkilərə müdaxiləsi ilə bağlı iddiaları dəfələrlə təkzib olunub və onların heç bir əsası yoxdur.
Lin Jian əksinə, ABŞ-ı digər ölkələrin daxili işlərinə müdaxilə etməkdə və genişmiqyaslı müşahidə fəaliyyəti aparmaqda ittiham edib.
Diplomat bildirib ki, beynəlxalq ictimaiyyət ABŞ-ın qlobal miqyasda məxfi məlumatların toplanması və oğurlanması ilə bağlı fəaliyyətindən xəbərdardır.
Sonda Çin rəsmisi Vaşinqtonu Pekinə qarşı əsassız ittihamlardan və seçki mövzusundan siyasi məqsədlər üçün istifadə etməkdən çəkinməyə çağırıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
