Müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığı üçün peşə təhsilinin inkişafı böyük əhəmiyyət daşıyır. Bu sahəyə gənclərin marağını artırmaq üçün bir sıra stimullaşdırıcı mexanizmlərin tətbiqi vacib sayılır.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, ilk növbədə, təqaüdlər və maliyyə dəstəyi gənclərin peşə təhsilinə cəlb olunmasında mühüm rol oynaya bilər:
“Gənclər üçün təhsil müddətində maddi təşviq mexanizmləri yaradılmalı, peşə məktəblərini bitirənlərə isə zəmanətli iş yerləri təklif edilməlidir. Bu, onların seçim motivasiyasını artıracaq.”
Ekspertin sözlərinə görə, peşə məktəblərində müasir avadanlıqların quraşdırılması və praktiki təlim imkanlarının genişləndirilməsi də vacibdir. Bununla yanaşı, sənaye müəssisələri ilə əməkdaşlıq gücləndirilməli, tələbələr real iş mühiti ilə tanış olmalıdırlar.
Məzahir Məmmədli əlavə edib ki, orta məktəb səviyyəsində erkən peşə yönləndirilməsi və maarifləndirmə işləri aparılmalı, peşə təhsilinin sosial imici yüksəldilməlidir:
“Cəmiyyətdə bu sahədə uğurlu karyera nümunələri təbliğ olunarsa, gənclər peşə təhsilini sadəcə alternativ deyil, gələcəyə aparan real yol kimi görəcəklər.”
Ekspertin fikrincə, bu mexanizmlərin tətbiqi yalnız gənclərin peşə təhsilinə marağını artırmaqla kifayətlənməyəcək, həm də ölkədə ixtisaslı kadr potensialının formalaşmasına mühüm töhfə verəcək.
Aynurə İsmayıl
KONKRET.az