İran Prezidenti Məsud Pezeşkan keçirdiyi mətbuat konfransında ölkədaxili məlumatların yayılması ilə bağlı vacib açıqlamalar verib.
KONKRET.az xəbər verir ki, İran lideri cəmiyyətdə yayılan qeyri-dəqiq informasiyaların təhlükə yaratdığını vurğulayıb:
“Bəzi insanlar bilərəkdən və ya bilməyərək reallıqdan uzaq məsələləri ortaya ataraq düşmənin dəyirmanına su tökürlər. Bu yanaşmadan çəkinmək daha yaxşıdır; çünki bir şəxsin hər hansı bir mövzu haqqında kifayət qədər məlumatı olmaya bilər və o, natamam təsəvvürlərə və ya eşitdiklərinə əsaslanaraq cəmiyyət və ölkə üçün ciddi fəsadlar törədə biləcək məlumatlar yaya bilər”, – deyə Pezeşkan bildirib.
O, həmçinin qeyd edib ki, insanın bilmədiyi bir şeyi inkar etməsindən və ya məlumatı olmadığı bir mövzu haqqında mühakimə yürüdüb yanlış təsvir təqdim etməsindən böyük zülm yoxdur. İctimai məkanda yayımlanan məlumatların böyük bir hissəsinin eşidilənlərə və qeyri-real informasiyalara əsaslana biləcəyini deyən prezident, məhz buna görə də xüsusilə milli təhlükəsizlik və ölkənin mənafeləri ilə bağlı mövzularda məlumatlandırma və məsələlərin təhlilində daha çox dəqiqlik və məsuliyyət tələb olunduğunu diqqətə çatdırıb.
Natiq Səlim,
KONKRET.az
