Plutonu 20 ildən sonra da planet kimi tanımadılar – Səbəb nədir?backend

Plutonu 20 ildən sonra da planet kimi tanımadılar – Səbəb nədir?

24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqının (BAİ) qərarı ilə Pluton Günəş sisteminin planetləri siyahısından çıxarılıb. Aradan 20 il keçməsinə baxmayaraq, onun planet statusunun bərpası ilə bağlı ciddi elmi konsensus formalaşmayıb.

KONKRET.az xəbər verir ki, qərarın əsas səbəbi Plutonun ölçüsü deyil. BAİ-nin müəyyən etdiyi meyarlara görə, planet Günəş ətrafında dövr etməli, öz cazibə qüvvəsinin təsiri ilə sferik forma almalı və orbitinin ətrafını digər göy cisimlərindən təmizləməlidir.

Pluton ilk iki şərtə cavab versə də, üçüncü meyarı ödəmir.

O, Kuiper qurşağında minlərlə buzlu obyektlə eyni orbital bölgəni paylaşır. Buna görə də alimlər Plutonu tamhüquqlu planet deyil, cırtdan planet kimi təsnif edirlər.

Bununla belə, qərarla razılaşmayan alimlər də var. “New Horizons” missiyasının rəhbəri, planetoloq Alan Stern Plutonun planet statusundan məhrum edilməsini dəfələrlə tənqid edib. O, planetin müəyyənləşdirilməsində əsas meyarın onun daxili xüsusiyyətləri və sferik forma alması olduğunu düşünür.

Plutonun hekayəsi isə daha əvvələ gedib çıxır. XX əsrin əvvəllərində amerikalı astronom Persival Louell Günəş sistemində “Planet X”in axtarışına başlamışdı. Pluton 1930-cu ildə Klayd Tombon tərəfindən aşkar edildi. Onun adını isə 11 yaşlı britaniyalı məktəbli Venetia Burney təklif etmişdi.

2015-ci ildə NASA-nın “New Horizons” aparatı Plutona yaxınlaşaraq onun gözlənildiyindən daha mürəkkəb və aktiv dünya olduğunu üzə çıxardı. Səthində azot buzlaqları, dağlar və mürəkkəb geoloji xüsusiyyətlər aşkar edildi.

Bəs Pluton yenidən planet ola bilərmi?

Nəzəri olaraq mümkündür, lakin bunun üçün BAİ-nin planet anlayışına dair qərarını yenidən nəzərdən keçirməsi lazımdır. Üstəlik, Kuiper qurşağında Plutona bənzər çoxsaylı obyektlərin mövcudluğu məsələni daha da çətinləşdirir.

Yəni Plutonun taleyi təkcə onun özündən asılı deyil. Onu planet elan etmək digər oxşar göy cisimlərinin də planet statusu almasına yol aça bilər.

Hələlik isə Günəş sistemində 8 rəsmi planet var, Pluton isə cırtdan planet olaraq qalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*