Politoloq: “3+3” formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaqbackend

Politoloq: “3+3” formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq

Rusiya xarici işlər naziri Sergey Lavrov “3+3” regional əməkdaşlıq formatının növbəti görüşünün Azərbaycanda keçirilməsini təklif edib. Lakin iştirakçı ölkələr arasında mövcud siyasi ziddiyyətlər və fikir ayrılıqları bu platformanın effektivliyini sual altına qoyur.

Bəs altı ildir real nəticə verməyən “3+3” formatı bundan sonra regionda əməkdaşlığın inkişafına töhfə verə biləcəkmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan, Gürcüstan və Ermənistanı, eləcə də Rusiya, Türkiyə və İranı bir araya gətirən platforma indiyədək özünü doğrultmayıb.

Paşinyan güclənir, Putin isə… - Simonyandan Rusiyaya siyasi mesaj | KONKRET

Onun sözlərinə görə, Gürcüstanın formata münasibətdə mövqeyi, həmçinin İranla bağlı mövcud fikir ayrılıqları əməkdaşlıq prosesinə mane olur.

“3+3” formatı ilkin mərhələdə uğurlu platforma kimi nəzərdə tutulsa da, hazırda onun real praktik nəticələr verəcəyini düşünmürəm. Rusiya bu format vasitəsilə region ölkələri ilə iqtisadi və siyasi əlaqələrini inkişaf etdirməyə, eyni zamanda, regional proseslərdə moderator rolunu gücləndirməyə çalışır”, – politoloq qeyd edib.

M.Əsədullazadə vurğulayıb ki, Azərbaycan regional məsələlərdə daha çox ikitərəfli əməkdaşlıq formatlarına üstünlük verir. Onun fikrincə, Bakı həm İran, həm də Rusiya ilə münasibətlərini ayrı-ayrılıqda inkişaf etdirir və bu istiqamətdə müəyyən əməkdaşlıq imkanları mövcuddur.

Politoloq Türkiyənin də regional siyasətinin digər iştirakçı ölkələrin yanaşmaları ilə hər zaman uzlaşmadığını bildirib. O, Gürcüstan-Rusiya münasibətlərindəki gərginliyin də platformanın fəaliyyətinə təsir göstərdiyini diqqətə çatdırıb.

“Üzv ölkələr arasında ciddi praktiki problemlər var. Əgər ‘3+3’ formatı altı ildir hər hansı nəticə vermirsə, bundan sonra da real effekti olacağını düşünmürəm. Bu platforma artıq özünü doğrultmur”, – M.Əsədullazadə fikrini yekunlaşdırıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*